İranda 3G xidmətinin fəaliyyətə başlaması böyük narazılığa səbəb olub

İranda 3G xidmətinin fəaliyyətə başlaması böyük narazılığa səbəb olub
# 23 fevral 2013 00:53 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda informasiya texnologiyalarının son nailiyyətlərindən biri olan görüntülü danışıq xidmətinin – 3G-nin fəaliyyətə başlaması mühafizəkar kəsimin böyük narazılığına səbəb olub. APA-nın məlumatına görə, 4 tanınmış ayətullah - Nasir Məkarim Şirazi, Hüseyn Nuri Həmədani, Cəfər Sohbani və Seyid Səccad Ələvi Gürgani fətva verərək, "Rightel" mobil operator şirkətinin fəaliyyətinin yasaqlanmasını istəyiblər. Ayətullah Nasir Məkarim Şirazi fətvasında qeyd edib ki, “Rightel”dən qaynaqlanacaq çöküş və çürümə faydasından daha çoxdur: “Bu xidmət çoxdan yoldan çıxmış cəmiyyətimizi bir dəfə daha yoldan çıxaracaq”.

Ayətullah Seyid Səcad Ələvi Gürgani isə öz fətvasında görüntülü danışıq xidmətinin “cəmiyyətin iffətini riskə atacağı”nı və “bir çox ziyanlar vuracağı”nı vurğulayıb.

İranlı mühafizəkarlar isə “Rightel” mobil operator şirkətinə qarşı bir internet saytı açıb. “Rightel ilğımı” adlanan vebsəhifədə qeyd olunub: “Hər kəsə tiryək verib daha sonra “bunu ağılla istifadə edin” deyirlər”. Bundan başqa, saytda görüntülü danışıq xidmətinin ailə həyatına vuracağı ziyanlar açıqlanıb.

Qeyd edək ki, "RightTel" mobil operator şirkəti "Fəcr" Beynəlxalq Film Festivalındakı geniş reklam kampaniyasından sonra müştərilərinə internet üzərindən 3G xidmətini təqdim edib. Eyni zamanda şirkət "Fəcr" Beynəlxalq Film Festivalının sponsoru da olub. “Rightel” İranın üçüncü və 3G internet xidməti təmin edən yeganə mobil operatorudur. Operatorun xidmətləri arasında həmçinin görüntülü danışıqla yanaşı, multimedya mesajı (MMS) göndərmək kimi xidməti də var. Qısa müddət əvvəl fəaliyyətə başlamasına baxmayaraq, “Rightel” tez bir zamanda ölkədəki gənclər arasında çox məşhurlaşıb. Operatoru daha da məşhurlaşdıran internet əlaqəsinin çox sürətli olmasıdır. Bu da İranın din xadimləri və mühafizəkarların xoşuna gəlmir. “Rightel” məsələsini ilk dəfə gündəmə Qum şəhərinin əhalisi gətirib. Belə ki, 2013-cü il fevralın 10-da Qum camaatı “Rightel”lə bağlı şikayət ərizəsi hazırlayıb. Bundan beş gün sonra isə İran parlamentinin 17 millət vəkili ölkə prezidentinə və İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) bir məktub yazaraq “Rightel”in fəaliyyətinin dayandırılmasını istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR