Gülər Əhmədovanın bacısına ziyan vuran tikinti şirkətinin rəhbəri və digərlərinin hökmündən verilən şikayət təmin edilməyib

Gülər Əhmədovanın bacısına ziyan vuran tikinti şirkətinin rəhbəri və digərlərinin hökmündən verilən şikayət təmin edilməyib
# 22 dekabr 2014 14:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Kamran” MMC-nin vəzifəli şəxslərinin barələrində olan hökmdən zərərçəkmiş şəxslərin verdikləri apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.


Qeyd edək ki, cəmiyyətin təsisçisi və rəhbəri Ələkbər Babayev və digər təqsirləndirilən şəxslər German Hüseynov və Rüfət Nağıyev Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2 və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyev Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü, Kənan Quliyev isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham olunublar.

“Kamran” MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev birgə iş münasibətində olduğu sabiq deputat Gülər Əhmədovanın bacısı Quliyeva Gülnar Mikayıl qızının etimadından istifadə edərək ona külli miqdarda (144 min manat) ziyan vurmaqda da ittiham olunur. “Kamran” MMC-nin vətəndaşlara vurduğu ziyan isə 8 milyon 500 min manatdan çox hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə “Kamran” MMC-nin rəhbəri Ələkbər Babayev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə, əmlakı (3 mərtəbəli evi) müsadirə olunmaqla 14 il müddətinə, German Hüseynov əmlakı müsadirə olunmaqla, 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Süleyman Əliyev 3 il müddətinə rəhbər vəzifə tutmaqdan məhrum edilməklə 11 il, Kənan Quliyev 2 il sınaq müddəti təyin olunmaqla 6 il 25 gün şərti, Rüfət Nağıyev 3 il sınaq müddəti təyin olunmaqla, 3 il müəyyən vəzifə tutmaqdan mərhum edilməklə 10 il şərti azadlıqdan mərhum etmə cəzasına məhkum ediliblər.

Məhkəmə hökmündə mülki iddiaların təmin olunması, müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi, “Kamran” MMC-yə məxsus bina üzərindən həbsin götürülməsi məsələsi də öz əksini tapıb. Lakin zərərçəkmiş şəxslər məhkəmə hökmündən narazı qalaraq apellyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR