Bu ilin yanvar-iyul aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə vasitəsilə 14 773,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 8,6% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda magistral neft kəmərləri üzrə nəqletmənin 76,8%-i BTC-nin payına düşüb.
“Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (12 154,7 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2 618,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 36 306,2 min ton neft nəql edilib, bu da illik müqayisədə 6,3% azdır. Nəqletmənin 74,9%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 27 179,2 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 7,8% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8%-i və ya 23 056,9 min tonunu Azərbaycanda hasil edilən neft (4,6% azalma), 15,2%-i və ya 4 122,3 min tonunu (22,2% azalma) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.