BDU-da 31 mart - soyqırım günü ilə əlaqədar tədbir keçirilib

BDU-da 31 mart - soyqırım günü ilə əlaqədar tədbir keçirilib
# 29 mart 2013 11:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bakı Dövlət Universitetində (BDU) 31 mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışaraq bildirib ki, 1918-ci ilin aprel-may aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib və 10 minlərlə insanı yurdundan didərgin salıblar.

Soyqırım aktının xalqımıza qarşı törədilən ən qanlı cinayət olduğunu deyən rektor, tarixin bütün mərhələlərində ermənilərin bu tipli əməllərdən əl çəkmədiyini söyləyib: “Hələ 1890-cı ildə Daşnaksutyun Partiyası öz qurultayını keçirərək dənizdən-dənizə böyük Ermənistan yaratmaq xülyasına düşüb. Bu məqsədlə onlar azərbaycanlıların, ümumilikdə türklərin yaşadığı ərazilərdə etnik təmizlik aparıblar. İlk mərhələ 1905-1907-ci illərdə, sonra isə 1918-ci ildə xalqımıza qarşı qanlı cinayətlər törədiblər”.

A. Məhərrəmov qeyd edib ki, azərbaycanlılara qarşı törədilən soyqırıma lazımi qiymət verilməli və bu hadisələr dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Sonra professor Anar İsgəndərli və dosent Boran Əziz çıxış edərək həmin dövrdə erməni-bolşevik birləşmələrinin dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım haqqında danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR