Türkiyənin maliyyə naziri: ”FED-in faiz endiriminə heç bir ölkə hazır deyil”

Türkiyənin maliyyə naziri: ”FED-in faiz endiriminə heç bir ölkə hazır deyil”
# 14 mart 2015 16:44 (UTC +04:00)

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

Bursanın Uludağ bölgəsində keçirilən iqtisadiyyata dair zirvə toplantısında çıxış edən maliyyə naziri 8 ayda ABŞ dollarının 17% dəyər qazandığına diqqəti cəlb edərək, bunu həm ABŞ iqtisadiyyatının güclənməsinə, həm də Avropa Birliyi iqtisadiyyatındakı deflasiyaya bağlayıb: “Dünya iqtisadiyyatında tarazlığın yaranması üçün bu cür dalğalanmalara ehtiyac var”.

Mehmət Şimşək, siyasi sabitlik olmadan heç bir ölkədə islahatlar aparmağın mümkün olmadığını vurğulayıb. Türkiyədəki son 12 illik siyasi sabitliyə görə, bir sıra makroiqtisadi islahatların həyata keçirildiyini xatırladan nazir, bunun sayəsində hökumətin öz qarşısına uzun müddətli hədəflər qoya bildiyini deyib: ”Biz Türkiyənin bir çox infrastruktura problemi olduğunu bilirik, ona görə də 25 mərhələdən ibarət islahat proqramı hazırlamışıq. 90-cı illərdə Türkiyənin əsas xroniki problemləri idarə edilə bilməz cari kəsir, yüksək inflyasiya və borc faizləriydi. Bundan sonra inflyasiyanı aşağı salmaq üçün biz mikroiqtisadi tədbirləri həyata keçirəcəyik. Yeni proqramımız realist bir paradiqma üzərində hazırlanıb. Bir ölkənin gələcəyini uzun möhlətdə müəyyənləşdirən əsas cəhət qurumların keyfiyyətli kadrlarla idarə edilməsidir. Hüquq sisteminin işləməsindən başlayaraq, bütün sahələrdə keyfiyyətli idarəçiliyə nail olmalıyıq”.

Mehmet Şimşək, “kürd məsələsi”nin demokratik zəmində həll edilməsinin ölkənin ən mühüm məsələlərindən biri olduğunu da vurğulayıb. Terror təşkilatının tələblərinin ayrı bir problem olduğunu xatırladan nazir istər şəxsi, istərsə də kollektiv səviyyədə kürdlərə bir çox haqlar verildiyini və öz vətəndaşlarının haqlarını verən Türkiyənin nəinki Orta Şərqə, hətta Qafqaza da ilham mənbəyi olacağını bildirib: ”İraqın Kürdüstan bölgəsinə keçən il 11 milyard dollarlıq mal satmışıq, əvəzində oradan heç nə almamışıq. Əslində bizim o bölgəylə ticarətimiz sanki daxili ticarətimizdir. Çünki hamı eyni dildə danışır”.

Türkiyənin turizm sahəsində dünyada altıncı yerdə olduğunu bildirən Mehmet Şimşək, keçən il Türkiyəyə gələn 42 milyon turistdən 32 milyard dollar qazandıqlarını açıqlayıb.

7 iyunda keçiriləcək seçkidə AKP-nin yenə birinci yerdə çıxacağını iddia edən maliyyə naziri, ondan sonrakı 4 illik müddətdə geniş miqyaslı islahatlar aparacaqlarını və seçkidən sonra Türkiyə iqtisadiyyatının daha güclənəcəyini bildirib.

M. Şimşək daha sonra bunları deyib: “Türkiyə ABŞ Mərkəzi bankının faizləri artırmasına hazırdırmı? Kim hazırdır ki? İnanıram ki, bu toz-dumanlı dönəm geridə qalacaq. Problemlər hər yerdə var. Türkiyə öz problemlərinin fərqindədir. Avropa Birliyinin pul genişlənməsinə getməsi Türkiyənin xeyrinədir. Çünki Avropa iqtisadiyyatı özünü toplayarsa, bu durum Türkiyəyə pozitiv şəkildə təsir göstərəcək”.

O, həmçinin Türkiyənin iki əsas problemi olan cari kəsir və inflyasiya ilə təsirli şəkildə mübarizəyə davam edəcəklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR