Azərbaycanda radikal dini qruplara qarşı mübarizənin istiqamətləri açıqlanıb

Azərbaycanda radikal dini qruplara qarşı mübarizənin istiqamətləri açıqlanıb
# 21 iyun 2016 09:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda radikal dini qruplara qarşı mübarizədə üç istiqamət müəyyən edilib.

APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bunlardan birincisi qanun çərçivəsində həyata keçirilən istiqamətdir ki, burada hüquq-mühafizə orqanları aparıcı rol oynayır: "Buraya Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, prokurorluq orqanları və hüquq-mühafizə sistemindəki digər qurumların fəaliyyəti daxildir. Bu qurumlar qanun pozuntusuna yol verən radikallaşmış dini qrupların neytrallaşması və qanun qarşısında cavab verməsi istiqamətində ciddi addımlar atır. Bundan əlavə, radikal qrupların qeyri-qanuni fikirlərini ifadə edən ədəbiyyatın yayılmasının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə geniş tədbirlər həyata keçirir.

Digər istiqamət isə iqtisadi sahə ilə bağlıdır. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərir. Təbii ki, bu, yolverilməzdir.

Üçüncü istiqamət isə ideoloji təbliğat yoludur. Radikalların bazasının çökdürülməsinə hesablanan bu yol əsl islami dəyərlərin təşviq və təbliğ edilməsindən, maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir. Dövlət Komitəsi bu sahədə üzərinə düşən işləri ilk növbədə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə əməkdaşlıq, eyni zamanda, KİV, müxtəlif konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə həyata keçirir”.

M. Qurbanlı qeyd edib ki, indiyədək dini maarifləndirmə və dini radikalizmlə mübarizə çərçivəsində Müdafiə, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Respublika Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbirlər planı imzalanıb və icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR