SOCAR-ın prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Böyük Britaniya baş nazirinin ticarət elçisi ilə görüşüb - <span style="color: red;">FOTO
# 03 mart 2015 11:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev qonaqla söhbəti zamanı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın getdikcə daha mühüm yer tutduğunu və bu istiqamətdə həyata keçirilən layihələr sırasında Cənub Qaz Dəhlizinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

R. Abdullayev son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər, regional və qlobal əhəmiyyətli birgə layihələrin gedişi haqqında ətraflı söz açıb. Böyük Britaniya nümayəndə heyətinin görüşdə iştirak edən üzvləri SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrə şirkətləri tərəfindən böyük maraq göstərildiyini deyiblər.

Ç. Hendri budəfəki səfərində əsas məqsədin Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumunun imzalanması olduğunu söyləyib.

Qonaq Böyük Britaniyanın Azərbaycan enerji sektoruna, xüsusilə də SOCAR ilə əməkdaşlığa böyük maraq göstərdiyini, BP və digər şirkətlərin ölkəmizdəki fəaliyyətlərinə böyük önəm verdiyini vurğulayıb, Azərbaycanın 2003-cü ildən etibarən Böyük Britaniyanın baş naziri tərəfindən irəli sürülmüş “Təbii Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü”nə qoşulduğunu qeyd edib, bu istiqamətdə SOCAR tərəfindən atılan addımları yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq imkanlarının böyük olması və bu imkanlardan istifadə etmək üçün hər iki tərəfin səy göstərdiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR