XİN: Adam Şiff və onun kimilər Sumqayıt hadisələri ilə əlaqədar müraciət ünvanlarını dəyişməlidirlər

XİN: Adam Şiff və onun kimilər Sumqayıt hadisələri ilə əlaqədar müraciət ünvanlarını dəyişməlidirlər
# 02 mart 2015 16:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmәt Hacıyev Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Ermənistan və erməni diasporu tərəfindən təbliğata başlanılması, bir sıra Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyaları keçirilməsi vә ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Şiffin bununla əlaqədar açıqlama verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanları, Ermənistan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin planlaşdırdığı və həyata keçirdiyi terror-təxribat əməliyyatı olub: "Əməliyyat-istintaq materialları əsasında Sumqayıt hadisələrini təşkil və icra etmək üçün Ermənistan SSR-nin DTK-ın tərkibində 34 nəfərdən ibarət “nalyotçik” adlı xüsusi qrupun yaradıldığı və hadisələr zamanı bu qrupun üzvlərinin Sumqayıtda olduqları aşkar edilib. “Nalyotçik” şərti adı altında icra edilən bu əməliyyatın üzvləri və hadisələr zamanı törətdikləri əməllər əməliyyat-istintaq yolu ilə müəyyən edilib".

H. Hacıyev bildirib ki, Sumqayıt hadisələri nəticəsində ümumi sayı 32 nəfər olmaqla, 26 nəfər erməni, 6 nəfər azərbaycanlı öldürülüb: "Yaralananlar və bədən xəsarətləri alanların dəqiq sayı isə istintaq vasitəsilə 80 nəfər müəyyən edilib. Erməni tərəfinin Sumqayıtda guya 400 nəfərin öldürülməsi barəsində iddiaları tamamilə əsassızdır. Bu cinayət işi üzrə aparılmış istintaq nəticəsində məhkəmənin qərarı ilə 92 nəfər həbs edilib, bir nəfər isə ölüm hökmünə məhkum edilib. SSRİ Baş Prokurorluğu tərəfindən Sumqayıt hadisələri ilə əlaqədar aparılan istintaq işi hadisəni törədənləri müəyyən etsə də, çoxsaylı dəlil və sübutlara baxmayaraq, onun sifarişçiləri və təşkilatçılarının kimliyini müəyyən etməkdən yayınıb. İstintaqın gedişində bir çox qaranlıq məqamlara aydınlıq gətirilməyib. Qeyd edilən “nalyotçik” qrupunun üzvləri ortaya çıxarılmayıb və SSRİ prokurorluğu tərəfindən aparılan istintaq onların kimliyini ört-basdır etməyə çalışıb. Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi olsa da, onlar tərəfindən vəziyyəti nəzarət altına almaq və əməliyyat şəraitinə nəzarət etmək üçün heç bir tədbir görülməyib. Ordunun müdaxilə etməməsi və biganə qalması onunla əsaslandırılır ki, sovet rəhbərliyindən əmr verilməyib. Evlərə basqın əvvəlcədən hazırlanmış siyahı və plan üzrə həyata keçirilib və hadisələr əsasən dörd istiqamətə çıxışı olan və foto-video çəkilişlər aparmaq üçün əlverişli imkanı olan 3-cü mikrorayon ərazisində cərəyan edib. Milliyyətcə erməni olan Eduard Qriqoryanın Sumqayıt hadisələrinin bilavasitə icraçısı və təhrikçisi olduğu istintaq vasitəsilə sübut olunub. Hadisələr zamanı bu şəxs tərəfindən zorakılığa məruz qalmış Məclumyan bacılarının onu tanıma protokolları, hadisələrin iştirakçısı olmuş şəxslərin E. Qriqoryan barəsində ifadələri və sair əməliyyat-istintaq materialları E.Qriqoryanın hadisələrin icraçısı kimi rolunu açıq şəkildə aşkara çıxarır. Ermənistan tərəfi iddia edir ki, guya E. Qriqoryan erməni deyil və onun qardaşları belə olmayıb. E. Qriqoryanın pasport almaq üçün etdiyi müraciəti və orada milliyyətini erməni kimi göstərməsi barəsində sənəd, onun rus və yəhudi əsilli qonşularının ifadələri, ailə tərkibi haqqında arayışlar və sovet ordu sıralarında xidmət etdiyi zaman onun barəsində verilmiş xasiyyətnamə və sair istintaq materiallarında öz əksini tapıb. E. Qriqoryanın həbs olunması isə tamamilə təsadüf nəticəsində baş verib. Belə ki, hadisələrdən sonra “nalyotçik” qrupunun digər üzvləri kimi Sumqayıt ərazisini tərk etmək üçün şərait yaradılmış E. Qriqoryan sərxoş olduğuna və üstündə erməni ailələrin evlərindən götürdüyü bəzi zinət əşyaları olduğuna görə komendant saatında xidmət çəkən əsgərlərin diqqətini cəlb edib və şübhəli şəxs qismində saxlanaraq, istintaqa verilib. İstintaqa gətirilən E. Qriqoryan dərhal zərərçəkən qismində ifadə verən erməni Məclumyan bacıları tərəfindən tanınıb. Bundan sonra heç bir halda E. Qriqoryanı istintaqdan azad etmək mümkün olmayıb və onun barəsində də başqaları kimi cinayətin iştirakçısı kimi iş qaldırılıb. Məhkəmənin hökmü ilə həbs edilənlər sırasında olan E. Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal azadlığa buraxılıb. Ermənistan xüsusi xidmət orqanları E.Qriqoryanın indi harada olduğunu bilməmiş olmazlar. İlk növbədə E. Qriqoryan qaranlıq məqamlara aydınlıq gətirmək üçün elə Ermənistan cəmiyyəti qarşısına çıxarılmalıdır".

Nazirlik sözçüsünün sözlәrinә görә, istintaq materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr qarşıya qoyulmuş təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı: "Milliyyətcə erməni olan şahidlərin ifadələrindən görünür ki, onlarla erməni azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilib və xilas ediliblər. Doğum evlərinə hücum və yeni doğulmuş uşaqların öldürülməsi barəsində ermənilərin cəfəng iddialarına cavab olaraq, 28-29 fevral tarixlərində aralarında ermənilər də olmaqla, 38 körpənin dünyaya gəldiyi və onların heç birinin xəsarət almadığı tibb işçiləri və erməni anaların ifadələrində öz əksini tapıb. Bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi və qaranlıq qalan məqamları araşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bu cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir. Bu bir daha Azərbaycan dövlətinin və xalqının baş vermiş bu təxribat xarakterli cinayətin əsl mahiyyətini üzə çıxarmaq üçün nümayiş etdirdiyi qətiyyətin, açıqlıq və şəffaflığın bariz nümunəsidir. Eləcə də Azərbaycanda Sumqayıt həqiqətlərinin üzə çıxarılması üçün jurnalist araşdırmasına əsaslanan ciddi monoqrafik əsərlər yazılıb. Ona görə də Adam Şiff və onun kimi digər şəxslər Sumqayıt hadisələri ilə əlaqədar müraciət ünvanlarını dəyişməlidirlər. Onlar və eləcə də Sumqayıt hadisələri nəticəsində zərər çəkmiş şəxslər Ermənistan rəhbərliyinə müraciət edərək, bu cinayətin əsl mahiyyətini açmaq üçün gizlədilən şəxslərin və faktların üzə çıxarılmasını tələb etməlidirlər. Bir daha onu qeyd etmək lazımdır ki, Sumqayıtda cinayət baş verib və onun müqabilində cəza da tətbiq edilib. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bu cinayəti məntiqi sonluğa çatdırmaq üçün iş yenilənib və bu istiqamətdə ardıcıl və fəal tədbirlər görülür. İstintaqın işinə mane olan əsas amil dindirilməli olan bir çox şəxslərin, o cümlədən “nalyotçik” qrupunun üzvlərinin Ermənistanda olmasıdır. Amma Ermənistan tərəfindən isə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından zorakılıqla qovulması, Xocalı, Qaradağlı, Malbəyli və digər insanlıq əleyhinə cinayətlər barəsində heç bir istintaq işi aparılmayıb, heç kim məsuliyyətə cəlb edilməyib, əksinə bu əməlləri törədənlər milli qəhrəman səviyyəsinə yüksəldiliblər. Bu şəxslər Ermənistanın siyasi rəhbərliyində yüksək vəzifələr tuturlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR