İtaliyanın "Snam" şirkəti SOCAR-ın DESFA-dakı payının bir hissəsini almaq niyyətindədir

İtaliyanın "Snam" şirkəti SOCAR-ın DESFA-dakı payının bir hissəsini almaq niyyətindədir
# 21 sentyabr 2015 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İtaliyanın "Snam" neft-qaz şirkəti Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətində səhm almaqda maraqlıdır.

"APA-Economics"in xəbərinə görə, bu barədə Yunanıstan mətbuatı yazır.

Yunanıstan KİV-i yazır ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

Buna baxmayaraq, Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu SOCAR-a DESFA-nın 66%-ni deyil, yalnız 49%-ni özəlləşdirməyə icazə verə bilər. Yunan mətbuatı iddia edir ki, bundan sonra SOCAR 17% səhmi almaq niyyətində olan tərəflərlə danışıqlar aparmağa başlayıb.

"Alıcılar arasında Belçikanın "Fluxys", Hollandiyanın "Gasunie" və İtaliyanın "Snam" şirkətləri var. Bununla bağlı yekun qərar bu ayın sonunda veriləcək. "Snam" şirkətinin payı elə də böyük olmayacaq. "Snam" şirkətinin bu sövdələşməyə qoşulması başa düşüləndir. Çünki şirkət həmçinin TAP konsorsiumuna qoşulmaq iddiasındadır", - deyə KİV yazır.

Bildirilir ki, SOCAR 17%-lik səhm paketini 100 mln. avroya satacaq.

Xatırladaq ki, avqustun 26-da SOCAR-ın nümayəndə heyəti Yunanıstanın paytaxtı Afinada bu ölkənin Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) və "Hellenic Petroleum S.A." şirkətinin rəhbərləri ilə görüşüb.

Tərəflər SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi məsələsini müzakirə edib.

Bütün tərəflər DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsində maraqlı olduqlarını bir daha təsdiqləyib.

Tərəflər arasında əldə olunan razılığa əsasən, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi ilə bağlı əməliyyatın müddəti cari ilin dekabrın 21-dək uzadılıb.

Onu da xatırladaq ki, "Snam" şirkətinin icraçı direktoru Karlo Malakarnenin sözlərinə görə, bu ilin sonuna qədər şirkət TAP-da iştirak payının alınması ilə bağlı qərar verəcək.

Bundan öncə K. Malakarne “Reuters"ə müsahibəsində bildirib ki, şirkət iyun ayından etibarən TAP-da 20% səhm almaq üçün müvafiq qiymətləndirmə işlərinə başlayıb. Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) bəzi səhmdarları öz səhmlərini İtaliyanın "Snam S.p.A." Qrupuna satmaqda maraqlı olduğunu açıqlayıb. TAP-da 20% səhmin qiyməti təqribən 400 mln. dollardır və bu qiymət hazırkı bazar qiymətinə tam uyğundur.

Qeyd edək ki, İtaliyaya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, Azərbaycan tərəfi "Snam S.p.A." Qrupunun TAP-da pay sahibi olmasına etiraz etmir. TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur. Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR