Gəncənin Məhsəti qəsəbəsinin içməli su təchizatı yaxşılaşıb - FOTO

Gəncənin Məhsəti qəsəbəsinin içməli su təchizatı yaxşılaşıb - <span style="color: red;">FOTO
# 17 aprel 2013 15:17 (UTC +04:00)

Bakı – APA-Economics. «Azərsu» ASC regionlarda istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə layihələrin icrasını davam etdirir.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatı sistemləri yenidən qurulur.

«Azərsu» ASC-nin Tədbirlər Planına uyğun olaraq Gəncə şəhərinin Məhsəti qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması üzrə işlər yekunlaşıb. ASC-nin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə çərçivəsində qəsəbədə 2 yeni subartezian quyusu qazılıb, istismarda olan 1 subartezian quyusu təmir edilərək əhalinin istifadəsinə verilib.

Əhalinin su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbədə tutumu 60 kubmetr olan su çəni, 38 ədəd siyirtmə quraşdırılıb, 20 239 metr qəsəbədaxili su xətləri çəkilib, 1 275 ünvana birləşmə verilib. Bununla da qəsəbədə 4 mindən çox sakinin içməli su təchizatı yaxşılaşıb.

Qeyd edək ki, layihənin icrasına qədər Məhsəti qəsəbəsinin içməli su təchizatı yarasız vəziyyətdə olan subartezian quyuları və primitiv qaydada çəkilmiş su xətləri hesabına aparılıb.

Aprelin 15-də Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni subartezian quyularının açılış mərasimi keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Asəf Hacıyev, «Gəncə Sukanal» Törəmə SC-nin direktoru Bəhlul Ramazanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edənlər bu yaşayış məntəqəsinə qəsəbə statusunun verilməsini yüksək qiymətləndirərək ötən müddətdə qəsəbədə abadlıq-quruculuq işlərinin aparıldığını qeyd ediblər. Yerli sakinlər Məhsəti qəsəbəsində su təchizatı sisteminin yaradılmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ümumilikdə Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi «Açıq Kommunal İnfrastruktur Proqramı II» çərçivəsində həyata keçirilir. Layihənin birinci mərhələsi çərçivəsində Gəncə şəhərində su mənbələrinin bərpası, magistral su xətləri və su anbarlarının tikintisi, şəhərin su və kanalizasiya şəbəkəsinin bir hissəsinin yenidən qurulması üzrə işlərin böyük əksəriyyəti yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR