Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxsin məhkəməsi başlayıb
# 10 dekabr 2014 08:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eyvaz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə dekabrın 17-nə təyin edilib.

Qeyd edək ki, iyulun 31-də 47 yaşlı Gülnarə Zamanovanın Gəncə prospekti 36 ünvandakı evində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları zəruri istintaq əməliyyat tədbirlərinə başlayıb. Mərhumun 17 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirilməsi müəyyənləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu ağır cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüb.

Xətai rayon sakini, 55 yaşlı Eyvaz İbrahimov şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Eyvaz İbrahimov bildirib ki, ev alqı-satqısı ilə məşğul olduğu zaman Gülnarə Zamanova ilə tanış olub. Onun evinin satılmasına kömək edib və bir neçə ay sonra ondan borc pul alıb. Lakin Gülnarə Zamanova bir müddət keçdikdən sonra pulu yüksək faizli sələmlə geri tələb edib. Aralarındakı münaqişə də burdan başlayıb.

Hadisə baş verən gün Gülnarə Zamanova yenidən Eyvaz İbrahimova zəng vuraraq pulu tələb edib və evə çağırıb. Evdə Eyvaz İbrahimovla qadın arasında mübahisə yaranıb. Bu zaman Eyvaz daimi üstündə gəzdirdiyi bıçaqla Gülnarə Zamanovanı çoxsaylı zərbələrlə öldürüb. Bundan sonra evin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR