Azərbaycanda kağız tullantıları təkrar emal olunacaq

Azərbaycanda kağız tullantıları təkrar emal olunacaq
# 08 iyun 2012 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərsun Holdinq» Kağızın Təkrar Emalı Kombinatını işə salır.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tikilməkdə olan kombinatda müasir texnologiyalara malik şirkətlərin avadanlıqları quraşdırılmaqdadır. Kombinatda qofra karton məhsulları, yazı kağızı və məişətdə istifadə olunan kağız məmulatları ilə yanaşı, bütün kağız növlərinin istehsalı planlaşdırılır. Kombinatda tullantı sularının təmizlənməsi və təkrar istifadəsi də həyata keçiriləcək.
Kombinatın xammal ilə təchizatına «Təmiz Şəhər» ASC, IDEA Beynəlxalq Kampaniyası və «Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi də qoşulacaq.
Qeyd edək ki, «Təmiz Şəhər» ASC və «Azərsun Holdinq» arasında imzalanmış müqaviləyə əsasən, Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda yığılan bütün kağız tullantıları yenidən emal üçün il ərzində Kağızın Təkrar Emalı Kombinatına təhvil veriləcək.
Xatırladaq ki, statistikaya əsasən, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 ağac kəsilməlidir. İstifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, habelə böyük meşələrin xilasını mümkün edə bilər. Bu isə ətraf mühitin mühafizəsi və təbii sərvətlərə qənaət deməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR