«Bakıelektrikşəbəkə» ASC-də «Eurovision-2012» müsabiqəsinə hazırlıqla bağlı toplantı keçirilib

«Bakıelektrikşəbəkə» ASC-də «Eurovision-2012» müsabiqəsinə hazırlıqla bağlı toplantı keçirilib
# 14 may 2012 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda keçiriləcək «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsi ilə bağlı elektrik enerjisi təchizatının yüksək səviyyədə təşkil olunmasına yönələn əlavə tədbirlərlə əlaqədar «Bakıelektrikşəbəkə» ASC-də növbəti toplantı keçirilib.

«Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Eurovision-2012» mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması məqsədi ilə müsabiqənin keçiriləcəyi «Büllur Saray» və konfrans zalının, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun, Dəmir Yol Vağzalının, H.Əliyev adına İdman və Konsert Kompleksinin, Əl Oyunları Sarayının, Bakı Biznes Mərkəzinin, Dənizkənarı Milli Parkın və «İçərişəhər» Dövlət Tarixi-Memarlıq Qoruğu ərazilərinin, muzeylərin, küçə, park və fəvvarələrin, binaların fasad işıqlandırılmasının, habelə həmin tədbirlərlə əlaqədar Bakı şəhərinə gələn xarici qonaqların yerləşdirilməsi nəzərdə tutulan mehmanxanaların, qonaq evlərinin, yaşayış evlərinin, restoranların, barların və digər obyektlərin elektrik enerjisi ilə yüksək səviyyədə təmin olunması üçün məsul şəxslər müəyyən edilməklə ASC üzrə mayın 13-dən etibarən gücləndirilmiş iş rejimi tətbiq edilib.

Səhmdar Cəmiyyətin aidiyyəti strukturları üzrə cavabdeh şəxslər müəyyən olunub və sadalanan obyektlər də daxil olmaqla bütün Rayon Enerji Təchizatı və Satışı İdarələrinin istismar sahələri üzrə müvafiq növbətçilik cədvəlləri təsdiq edilib.

«Müsabiqənin keçiriləcəyi yerlərin və digər obyektlərin elektrik enerjisi təchizatının birbaşa həyata keçirildiyi «Badamdar», «İçərişəhər», «Liman», «Yeni Bayıl», «Köhnə Bayıl», «Bayraq Meydanı», «Dağüstü Park», 203 və 227 saylı yarımstansiyalar tam təftiş edilib, onlarda xidmət göstərən aidiyyəti personalla yanaşı digər xidmətlərin əməkdaşlarından ibarət işçi qrupları yaradılıb və onların adları qeyd olunan yarımstansiyalara təhkim edilmələri haqqında göstəriş verilib. İşçi qruplarının zəruri maşın-mexanizm, xüsusi geyim, müvafiq alət və elektrik avadanlıqları ilə, o cümlədən digər texniki vasitələrlə təchiz olunması təmin edilib», - deyə «Bakıelektrikşəbəkə»dən bildirilib.

Qeyd edək ki, Bakı şəhərinin mərkəzini əhatə edən 110/35 kV-luq yarımstansiyalar SCADA sisteminə qoşulub. Yarımstansiyalarda yarana biləcək hər hansı problem bu sistem sayəsində dərhal dispetçer məntəqəsinə ötürülür və operativ müdaxilə etmə imkanı yaradır. Yarana biləcək hər hansı problemlə bağlı ASC üzrə fəaliyyət göstərən qaynar xətt 440-29-21 və 199 Qəza Xidmətinə müraciət etmək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR