Marneulidə Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının kitablarının təqdimatı keçirilib

Marneulidə Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının kitablarının təqdimatı keçirilib
# 29 sentyabr 2012 00:10 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) əslən Qaraçöpdən olan Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının 2012-ci il çərçivəsində qələmə aldığı əsərlərin təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq ziyalıları, gəncləri yazıçı, tərcüməçi və tədqiqatçı Nəriman Əbdülrəhmanlı ilə ətraflı tanış etdikdən sonra sözü Azərbaycanın Millət vəkili, Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri Qənirə Paşayevaya verib. Millət vəkili çıxışında Gürcüstana gəlişinin seçkilərlə əlaqədar olduğunu bildirib. “Seçkilərdən əlavə mən soydaşlarımızla görüşüb onların güzəranı və sosial vəziyyəti ilə yaxından tanış olmaq üçün Marneuliyə səfər etdim. Bu gün sizlərlə əslən Qaraçopdən olan, istedadlı yazıçı, tədqiqatçı, tərcüməçi Nəriman Əbdülrəhmanlının 2012-ci ildə qələmə aldığı üç kitabın təqdimatını keçiririk. İndiki zamanda belə məzmunlu kitabların təbliği gənclərimiz üçün vacibdir. Çünki onlar gələcəyin şəxsiyyətləridir. Biz “Təhlədənəm özüm, dağlar,” “İsgəndər Palanın Yunis Əmrə haqqında olan “Od” romanının və “Nobel antologiyası” kitabları haqqında fikir və mülahizələrimizi söyləyəcək və yazıçı Nəriman Əbdülrəhmanlının ədəbi yaradıcılığına ətraflı nəzər salacağıq.”
Millət vəkili Qənirə Paşayeva çıxışında Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Nobel antologiyası” kitabının oktyabrın 23-də Bakıda təqdimatı olacağını və Borçalı yazıçılarının da iştirak edəcəyini bildirib. Onun sözlərinə görə, tərtibçi bu kitabda indiyədək Nobel mükafatı alan şəxslərin tərcümeyi-halı və onlar haqqında hekayələr dərc edib.
Tədbirdə yazıçı Əli Abbas, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynli, Tədqiqatçı-tərcüməçi Mirzə Məmmədoğlu, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, “Regonpress” qəzetinin əməkdaşı Əbülhəsən Abbasov, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı və başqaları Nəriman Əbdülrəhmanlı haqqında ürək sözlərini söyləyərək, ona daha səmərəli yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Azərbaycan dilli məktəblərdə Azərbaycan ədəbiyyatına aid kitabların çatışmazlığı da qeyd olunub. Tədbirin sonunda Qənirə Paşayeva bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Bakıdan gətirdiyimiz ədəbiyyat nümunələrini Azərbaycan dilli məktəblərə bağışlayacağıq.
Azərbaycan-Gürcüstan Dostluq qrupunun sədri, millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında yazıçı Nəriman Əbdülrəhmanlının kitablarının təbliğinin vacibliyini vurğulayıb. “Nəriman Əbdülrəhmanlının kitablarının Azərbaycan dilli məktəblərdə təqdimatı və təbliği vacibdir. Bu, böyük ədəbi hadisə olacaq. Gələcəkdə yazıçının qarşıda duran planları çoxdur. O, “Gürcüstan azərbaycanlı yazıçılarının antologiyası”, “Gürcü ədəbi antologiyası” kitablarını tərtib edəcək və bu kitablar gənclərimiz arasında müzakirə olunacaq. Məhz buna görə, mən bu günki görüşümüzü önəmli hesab edirəm.”
Yazıçı N. Əbdülrəhmanlı görüşün təşəbbüsçüsü kimi Millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildirib və Borçalı ictimaiyyəti qarşısında çıxış etməyin məsuliyyətli olduğunu vurğulayıb. Yazıçı bildirib ki, oktyabrın 2-dən sonra Azərbaycan dilli məktəblərində olacaq və kitablarını məktəb və universitet tələbələrinə hədiyyə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR