Azərbaycanın kənd təsərrüfatı naziri İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşüb - FOTO

Azərbaycanın kənd təsərrüfatı naziri İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşüb - <font color=red>FOTO</font>
# 18 aprel 2012 14:20 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri xanım Orit Nokedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Nazir İsmət Abasov xanım Orit Nokedi qonağa Azərbaycanda aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 2005-ci ilin 14-17 iyun tarixlərində İsrailin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyinin dəvəti ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə nazirliyin məsul işçilərindən, alimlərindən və aqrar sahədə çalışan iş adamlarından ibarət nümayəndə heyəti İsrailin kənd təsərrüfatında əldə edilmiş təcrübə və nailiyyətlərlə tanış olublar.

Nazir iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlığın daha da genişləndirilməsi və yeni əlaqələrin yaradılması məqsədilə 20 fevral 2006-cı ildə Bakı şəhərində Azərbaycan-İsrail biznes-forumu keçirildiyini nəzərə çatdırıb.

İsmət Abasov Azərbaycanda əlverişli torpaq-iqlim şəraiti, yüksək ixrac potensialı və xarici investisiya qoyuluşu üçün əlverişli şəraitin mövcudluğunu, yerli iş adamlarının ölkəmizin aqrar iqtisadiyyat sahələrinə sərmayə yatırmaq və yeni texnologiyalar gətirmək niyyətini nəzərə alaraq, aşağıdakı istiqamətlərdə əməkdaşlıq əlaqələrinin yaradılmasına dair təkliflərini açıqlayıb:

- iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması;
- baytarlıq, bitki mühafizəsi və karantini sahəsində təcrübə mübadiləsi;
- damcı üsulu ilə suvarmanın tətbiqi sahəsində əməkdaşlıq;
- kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanması sahəsində birgə layihələrin həyata keçirilməsi;
- ticarət missiyalarının təşkil edilməsi, xüsusi sərgilərin keçirilməsi, ticarətin təşviq edilməsi, ticarət sərgiləri də daxil olmaqla strateji marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
- orqanik kənd təsərrüfatı məhsul istehsalı və bu sahədə fermerlərə səmərəli məsləhət xidmətinin göstərilməsi sahəsində təcrübə mübadiləsi;
- məhsul yığımından əvvəlki və sonrakı avadanlıqların inkişaf etdirilməsi və kənd təsərrüfatı infrastrukturu sahəsində əməkdaşlıq;
- aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması;
- Aqrar-elmi tədqiqat sahəsində əldə olunmuş son yeniliklərə dair informasiya mübadiləsinin təşviq edilməsi məqsədilə aqrar sahə ilə bağlı forumların, konfransların, simpoziumların, seminarların və təlimlərin təşkili.

İsrailin kənd təsərrüfatı və kəndin inkişafı naziri xanım Orit Noked səmimi qəbula görə öz minnətdarlığını bildirib və aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR