Azərbaycan Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim olunması qaydaları yenilənib

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim olunması qaydaları yenilənib
# 30 may 2012 13:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda maliyyə monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatların qəbulu, emalı və təhlili üzrə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məhsulu olan «goAML» analitik sistemi tətbiq edilib. Xidmətdən «APA-Economics»ə verilən məlumata görə, yeni sistemin tətbiqi ilə əlaqədar Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tənzimlənmə sisteminin əsaslandığı normativ hüquqi bazanın da təkmilləşdirilməsi təmin edilib.
«Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları»nın yeni variantı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Bu Qaydalar monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməli olan məlumatların siyahısını, habelə məlumatların təqdim edilməsinin forma və vasitələrini və digər müvafiq tələbləri müəyyən edir.
Qaydaların yeni variantındakı əsas dəyişikliklər monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə ötürülməsi, qəbulu və emalı sisteminin müasir informasiya texnologiyaları əsasında elektronlaşdırılmasından irəli gələn tələblər üzrədir. Eyni zamanda, müvafiq təhlillərin daha dəqiq aparılması, risklərin qiymətləndirilməsi və risk tendensiyalarının müəyyən edilməsi məqsədilə məlumatların təqdim olunmasına dair yeni formada müştəri, benefisiar eləcə də əməliyyata dair tələblərdə dəyişikliklər edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR