“Stratfor”: ABŞ Əfqanıstana yüklərin daşınmasında Rusiya və keçmiş sovet ölkələri ərazisindən keçən Şimal Paylayıcı Şəbəkəsindən asılıdır, Vaşinqton anlayır ki, Moskvanın razılığı olmadan bu xətdən istifadə edə bilməz

“Stratfor”: ABŞ Əfqanıstana yüklərin daşınmasında Rusiya və keçmiş sovet ölkələri ərazisindən keçən Şimal Paylayıcı Şəbəkəsindən asılıdır, Vaşinqton anlayır ki, Moskvanın razılığı olmadan bu xətdən istifadə edə bilməz
# 10 fevral 2012 13:18 (UTC +04:00)
“Stratfor”dan APA-ya daxil olan hesabatda iki ölkənin münasibətlərinə dair maraqlı məqamlar yer alıb.

Rusiya-ABŞ münasibətləri

ABŞ və Rusiya arasında mübahisələrin mərkəzində ABŞ-ın ballistik raketlərdən müdafiə planları durur. Rusiyanın təsir vasitələri Əfqanıstandakı NATO əməliyyatlarının təchizat yollarını kəsmək, raketdən müdafiə məsələsi ətrafında mübahisələrdən istifadə etməkdir. ABŞ isə bunun cavabında Rusiyada etiraz aksiyalarını dəstələyə bilər. Moskva Vaşinqtonla gərginliyi artırmağa hazır olsa da, münasibətlərin tamamilə qırılmasını istəmir.

Təhlil

Rusiya və ABŞ arasında gərginlik hər iki ölkənin seçkilərə hazırlığı fonunda davam edir. 2001-ci ildən sonra ABŞ-ın diqqətinin İslam dünyasına yönəlməsi nəticəsində Rusiya yenidən möhkəmlənməyə başladı. Rusiya keçmiş Sovet İttifaqı ərazisindən Qərbi sıxışdırıb çıxarmağa və öz üstünlüyünü bərpa etməyə çalışır. Moskva və Vaşinqtonun əsas mübahisə nöqtəsi raketdən müdafiə sistemidir (RMS). ABŞ israr edir ki, Şərqi Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsində məqsəd İrandan gələn təhlükənin qarşısını almaqdır, Rusiya isə bunun müqabilində öz RMS-ni NATO sisteminə inteqrasiya etməyi təklif edir. Vaşinqton isə bu təklifi rədd etməklə Şərqi Avropada yerləşdirdiyi müdafiə sisteminin İrandan daha çox Rusiyaya qarşı yönəltdiyinə dair Moskvada yaranmış şübhələri artırır.

Yeni təsir vasitəsi

Dekabrda ABŞ vertolyotu Əfqanıstan-Pakistan sərhədinə zərbə endirdikdən sonra Rusiyanın əlinə ABŞ-a qarşı istifadə etmək üçün daha effektiv kart keçdi. Pakistan Əfqanıstandakı NATO qüvvələrinin yanacaqla təchizatını kəsdi, bununla da Vaşinqtonu və müttəfiqlərini Rusiya və digər keçmiş sovet ölkələri ərazisindən keçən Şimal Paylayıcı Şəbəkəsindən asılı vəziyyətə saldı. Vaşinqton başa düşür ki, Moskvanın razılığı olmadan bu xətdən istifadə etmək mümkün deyil. Şimal Paylayıcısının kəsilməsi Əfqanıstandakı 130 min ABŞ və müttəfiq qoşunlarını təhlükəyə atmaq deməkdir ki, bu da Rusiya və ABŞ münasibətlərinin rəsmən qırılmasına gətirib çıxarar.

Amerikanın cavabı

2011-ci ilin sonunda Rusiya Amerikanı raketdən müdafiə planlarından əl çəkməyə məcbur etmək üçün Şimal Paylayıcısını kəsməklə hədələdi, amma ABŞ da Kremlə yeni təsir vasitəsi tapdı - Rusiyada etiraz aksiyaları.

Növbəti gərginlik?

Seçkilərdən sonra Putin Rusiyanın üzləşdiyi məsələlərin, həmçinin ABŞ-la mübahisənin həlli üçün kifayət qədər zaman və imkan əldə edəcək. May ayında Çikaqoda Rusiya-NATO sammiti keçirilməlidir. Rusiya bildirib ki, əgər maya qədər RMS ilə bağlı razılıq əldə olunmasa, sammitdə iştirak etməyəcək. Bu, Rusiya-NATO əlaqələrinin qırılmasına və Şimal Paylayıcısının gələcəyinə bir işarədir. Rusiya ABŞ-la mübahisəsində Avropanı çətin vəziyyətdə qoyur, amma bununla belə Avropanı regional təhlükəsizlik məsələsində ABŞ-la ittifaqa itələmək də istəmir. Rusiya Əfqanıstana nəzarəti də itirmək istəmir, çünki ölkədə baş qaldıran etirazların Mərkəzi Asiyaya yayılma ehtimalı var. Rusiya hərbi məsələlərdə ABŞ-la yarışa bilməz. Kreml ABŞ-ın Rusiya ilə bağlı gələcək siyasətinə də əmin deyil. Moskva Ronald Reyqan prezident kürsüsündə Cimmi Karteri əvəz etdikdən sonra ABŞ-la münasibətlərdə necə hazırlıqsız olduğunu yaxşı xatırlayır. Moskva prezident seçkilərindən sonra Amerika ilə gərginliyi artıra bilər, amma hər halda böhranın nəzarətdən çıxmasına imkan verməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR