Azərbaycanın baş pediatrı: “Dünyada hər il peyvənd yolu ilə 3 milyon uşağın həyatı xilas olunur”

Azərbaycanın baş pediatrı: “Dünyada hər il peyvənd yolu ilə 3 milyon uşağın həyatı xilas olunur”
# 23 aprel 2012 12:47 (UTC +04:00)
Aprelin 28-dək davam edəcək Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. Həftə ərzində Azərbaycanda peyvəndləmə ilə bağlı problemlərin olduğu bölgələr üzə çıxarılacaq və bu problemlər araşdırılacaq. Azərbaycanın baş pediatrı, Kübra Fərəcova adına Elmi-Tədqiqat və Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev APA-ya bildirib ki, məqsəd həmin yerlərdə immunlaşdırma əhatəsini maksimuma çatdırmaqdır: “Azərbaycanda immunlaşdırma Səhiyyə Nazirliyi tərəfindən il boyu nəzarətdə saxlanılır. Amma peyvənd həftəsində bu problemlər bir daha araşdırılır. Peyvəndləmə üzrə göstəricilərdə problemlərin olduğu bölgələrdə tədbirlər aparılır. Peyvənddən yayınan uşaqların siyahısı tutulur və immunlaşdırmaya cəlb edilir”. N. Quliyevin sözlərinə görə, immunlaşdırma həftəsinin sonunda bütün rayonlarda aparılan işlər haqqında Səhiyyə Nazirliyinə hesabat veriləcək.

Dünyada peyvəndin alternativinin olmadığını deyən baş pediatr bildirib ki, peyvəndlər ən yüksək texnologiya ilə hazırlanır və bütün dünya ölkələri immunnaşdırmaya qoşulub: “Valideynlər peyvənddən imtina etməklə uşaqlarını böyük risk altında saxlayırlar. Peyvənd olunmayan uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliklərlə yoluxa bilərlər. Valideyn bilməlidir ki, Beynəlxalq Uşaq Haqları Konvensiyasına əsasən, uşağın yardım almaq, xəstəliklərdən qorunmaq, müalicə almaq hüquqları var. Övladını peyvənddən yayındıran valideynlər həm də onların hüquqlarını pozurlar”. N. Quliyev deyib ki, uşaqların hər biri körpə vaxtlarından peyvənd olunmalıdır. Hər bir xəstəliyə qarşı daha həssas yaş dövrlərinin olduğunu xatırladan baş pediatr bildirib ki, peyvənd vurulduqda belə həssas vaxtlarda uşağın orqanizmində immunitet yaranır və o, yoluxucu xəstəlikdən qorunur: “ABŞ-ın Xəstəliklərlə Mübarizə Təşkilatının araşdırmalarının nəticələrinə əsasən, dünyada hər il peyvənd yolu ilə 3 milyon uşağın həyatı xilas olunur”.

N. Quliyev bildirib ki, Azərbaycanda körpələr 10 yoluxucu xəstəliyə qarşı peyvənd olunurlar, sonuncu peyvəndin tətbiqinə ötən ilin iyunundan başlanıb: “Bu, “Haemophilus influenza" çöplərinə qarşıdır. Həmin çöplər uşaqlarda pnevmoniya, meningit kimi qorxulu xəstəliklər törədə bilər. Beləliklə Azərbaycanın peyvənd təqvimi dünyanın ən inkişaf etmiş ölkələri ilə bir səviyyəyə çatıb. Bizim təqvimimiz Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrinə cavab verir”.

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş həkim müavini Rauf Nağıyev APA-ya bildirib ki, Azərbaycana daxil olan hər bir dərman preparatı Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində yoxlanıldıqdan sonra istifadəyə verilir. Peyvəndlə bağlı valideynlər arasında yaranan əndişələrin heç bir əsası olmadığını deyən R. Nağıyev bildirib ki, peyvəndləmədən sonra uşaqlarda baş verən cüzi reaksiyalar təbiidir: “Bu bədənin cavab reaksiyasıdır. Peyvənddən sonra uşaqda yüngülvarı qızdırma, bir az halsızlıq müşahidə edilə bilər, bu, normaldır. Peyvənddən sonra uşaq sanki, həmin xəstəliyi zəif bir formada keçirir. Peyvəndləmə ilə bağlı tibbi nöqteyi-nəzərdən düzgün olmayan informasiyalar əhalidə çaşqınlıq yaradır. Ona görə də, əsl həqiqəti mütəxəssislərdən öyrənmək lazımdır”.

Qeyd edək ki, Azərbaycanda uşaqlar hepatit B (sarılığa qarşı), BSJ-poliomielit (vərəmə və iflicə qarşı), AKDS (göy öskürək, difteriya, tetanus), R-mantu (vərəmi yoxlamaq üçün sınaq), QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi), AKDS (AKDS-in revaksinasiyasi), R-ADS (difteriya, tetanus), R-QMP, R-mantuya (mantu sınağı) və “Haemophilus influenza" çöplərinə qarşı peyvənd edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR