Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurub

Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurub
# 30 oktyabr 2012 12:58 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin cüdoçusu Elxan Rəcəbli karyerasını başa vurub. Bu barədə apasport.az saytına 32 yaşlı idmançının özü məlumat verib.

Dünya çempionatının, dünya kubokunun və Qran-prinin müxtəlif mükafatlarına sahib olan Rəcəbli bunu yaş amili ilə əlaqələndirib. Çünki 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiadada onun 36 yaşı olacaq, həmin vaxt isə tatamiyə çıxmaq asan deyil.

Bundan əlavə, Elxanın yarışdığı 81 kq çəki dərəcəsində Olimpiya çempionumuz Elnur Məmmədli mübarizə aparır və məhz onun yaxşı döyüşü Rəcəblinin London Olimpiadasına yollanmasına əngəl olmuşdu.

Elxan gələcək karyerasına da aydınlıq gətirib: “Artıq idmançı karyeramı bitirməyimlə bağlı qərar vermişəm. Lakin bu, o demək deyil ki, idmanda gedəcəm. Məşqçiliyə başlayacam. Bunun üçün ola bilsin kurslara da qatılam. Bu sahədə necə olacağımı isə zaman göstərəcək”.

Qeyd edək ki, Rəcəblinin 2004-cü ildə Afina Olimpiadasına yollanmaq şansı olsa da, həmin vaxt məşqçilər korpusu Mehman Əzizova bel bağlamışdılar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR