Azərbaycanın İsveçrədəki səfirliyin dəstəyi ilə Bern şəhərində “Novruz Şənliyi” adlı tədbir keçirilib

Azərbaycanın İsveçrədəki səfirliyin dəstəyi ilə Bern şəhərində “Novruz Şənliyi” adlı tədbir keçirilib
# 19 mart 2012 18:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyin dəstəyi ilə Bern şəhərində bu ölkədə fəaliyyət göstərən “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” tərəfindən “Novruz Şənliyi” adlı tədbir keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın İsveçrədəki diplomatik nümayəndəliklərinin əməkdaşları, İsveçrədəki Azərbaycan diasporunun üzvləri, habelə İsveçrə ictimaiyyətinin nümayəndələri iştirak edib.
Açılış mərasimindən sonra, şənlik iştirakçılarına Novruz Bayramına həsr olunmuş təqdimat keçirilib. Şənliyin keçirildiyi zalda toplaşmış insanlara Azərbaycanın qədim mədəniyyət tarixində özünə məxsus yer tutmuş Novruz Bayramı haqqında ətraflı məlumat verilib, bayramın adət və ənənələri, onun tarixi və xüsusiyyətləri barədə tədbir iştirakçılarına təqdimat edilib. Eyni zamanda, baharın gəlişindən və təbiətin oyanışından xəbər verən Novruz bayramının məhz Azərbaycanın təşəbbüsü ilə bəşəriyyətin mədəni irs siyahısına salındığı bildirilib.

Tədbir iştirakçılarına sözügedən şənlik ilə bağlı musiqi proqramı da təqdim olunub. Proqramda Azərbaycandan gəlmiş müğənni İlhamə Qasımova Azərbaycan və Avropa mahnılarını ifa edib. Sonra Cenevrə şəhərində yaşayan rəqqasə Mariya Xan Xoyskaya tərəfindən qonaqlar üçün milli rəqslərimiz nümayiş etdirilib.

Novruz şənliyinin musiqi proqramında həmçinin tədbirə dəvət olunmuş və İsveçrəni “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək “Sinplus” musiqi qrupu da iştirak etmiş və qonaqlar üçün müxtəlif mahnılar ifa ediblər. Sözügedən ifanın sonunda “Sinplus” qrupunun üzvləri, bu tədbirin Azərbaycanla ilk tanışlıqları olduğunu və onlarda böyük təəssürat yaratdığını diqqətə çatdırıb.

Tədbirdə qonaqlara Azərbaycanın milli mətbəxinin ləziz nümunələri, o cümlədən Novruzla bağlı milli şirniyyatlar təqdim olunub. Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanmış, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını qeyd ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR