ADU-nun jurnalistika fakültəsinin tələbələri İpsviç Universitetində magist təhsili alacaqlar

ADU-nun jurnalistika fakültəsinin tələbələri İpsviç Universitetində magist təhsili alacaqlar
# 20 aprel 2012 09:39 (UTC +04:00)
Bakı-APA. Gələn tədris ilindən Azərbaycan Dillər Universitetində açılacaq jurnalistika ixtisasını bitirən bakalavrlar Böyük Britaniyanın İpsviç Universitetində magistr təhsili ala biləcəklər. Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunun üçün ADU-da artıq lazımlı addımlar atılıb və razılaşma əldə olunub, ADU və İspviç Universiteti arasında niyyət protokolu imzalanıb. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransında çıxışı zamanı deyib ki, bir müddət bundan öncə ADU rəhbərliyi ilə görüşən Böyük Britaniyanın İpsviç Universitetinin nümayəndəsi Kressi Harinqton İpsviç universiteti və ADU arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını bildirib: “Həmin universitetdə jurnalistika ixtisası üzrə magistr pilləsi mövcuddur. Bizdən xahiş etdilər ki, ADU-da jurnalistika ixtisasında təhsil alan tələbələr İpsviç universitetinin magistr pilləsində təhsillərini davam etdirsinlər. Ona görə ki, Azərbaycanda verilmiş təhsil Böyük Britaniyanın İpsviç Universiteti üçün tam labüddür”.

Rektor çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının digər dünya universitetləri ilə də olan əlaqələrindən də söz açıb. Universitetin 20 nəfər müəlliminin Böyük Britaniyada təcrübə keçdiyini deyən S. Seyidov bu il 22 nəfər ADU tələbəsinin həmin ölkənin Esseks Universitetində təhsillərini davam etdirəcəyini vurğulayıb: “Əlaqələrimiz genişdir, hərtərəflidir. ADU-nun bir qrup tələbə-müəllim heyəti də Norveçin Oslo Universitetində təcrübəyə gedəcəklər. Tələbə-müəllim heyətimiz,
o cümlədən Fransada , İtaliyada, Cənubi Koreyada, İndoneziyada, Malayziyada təcrübələrdə iştirak edirlər. Bu yaxınlarda Yaponiya və Çin də bu sıralarda olacaq. Müəllim və tələbələrimizin yüksək bacarığı buna imkan verir”.

Rektor bildirib ki, jurnalistika ixtisasına qəbul olunacaq tələbələr həm yüksək səviyyədə dil vərdişlərinə yiyələnəcək, eyni zamanda təhsillərini Avropa universitetlərində, o cümlədən Böyük Britaniyanın İpsviç Universitetində davam etdirəcəklər.

Qeyd edək ki, TEC-in konfransı davam edir. Konfransın yekun iclası aprelin 21-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR