Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb
# 17 may 2012 07:07 (UTC +04:00)
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması dövlətimizin diqqət mərkəzində olmaqla bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl, sistemli tədbirlər davam etdirilir.
Belə ki, Bakı şəhər sakininin Dövlət Arxivinin Bakı filialının direktoru Şükürov Şahsuvar Ağahüseyn oğlunun paytaxtın Xəzər rayonu ərazisində yaşayış evlərinin tikilməsi üçün torpaq sahələrinin ayrılması haqqında sərəncamın təsdiq olunmuş surətinin verilməsinə görə ondan 1.000 manat pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılıb.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ş.Şükürov 15 may 2012-ci il tarixdə arxivin Bakı şəhəri, Z.Bünyadov küçəsi 3 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında 800 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Ş.Şükürovun xidməti otağına keçirilmiş baxış zamanı vətəndaşın təqdim etdiyi sorğu və bununla bağlı hazırlanmış sənədlər aşkar edilərək götürülüb.
Fakta görə Ş.Şükürov barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır. Ş.Şükürov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR