Jan-Pyer Papen: “İndiki Azərbaycan yığması o vaxtkından daha güclüdür”

Jan-Pyer Papen: “İndiki Azərbaycan yığması o vaxtkından daha güclüdür”
# 19 sentyabr 2012 12:18 (UTC +04:00)
Bakı – APA. “Azərbaycana AFFA-nın baş katibi Elxan Məmmədovun dəvəti ilə gəlmişəm. Bakıda uşaq futbol məktəblərinə baş çəkdim, çox xoşuma gəldi”. Bu sözləri apasport.az saytına eksklüziv müsahibəsində Fransa futbolunun canlı əfsanəsi Jan-Pyer Papen deyib.

İki gündür Azərbaycanda qonaq olan məşhur futbolçu millimizlə 1994-cü ilin dekabrın 13-də və 1995-ci ilin sentyabrın 6-da keçirilən oyunları yada salıb. Papen bildirib ki, həmin qarşılaşmaları unutmayıb.

“Trabzondakı oyunu yaxşı xatırlayıram. 2:0 hesabı ilə qalib gəldik və qollardan birini mən vurdum. Özü də o zaman zədəli oynayırdım. Amma bir il sonra Oser şəhərində baş tutan qarşılaşmada zədəli olduğum üçün meydana çıxa bilməmişdim. Həmin qarşılaşma yaxşı yadımdadır. Onu da bilirəm ki, milli karyeramda sonuncu qolu Azərbaycana vurmuşam” – deyə, Papen bildirib.

Fransız futbolçu deyib ki, o vaxt Azərbaycan millisi barədə məlumatı yox idi: “Amma indi çox böyük perspektiviniz var. İndiki Azərbaycan yığması o vaxtkından daha güclüdür. Tamamilə yeni milli komandadır. Bir də Portuqaliya ilə matçı izlədim. Gələcəkdə uğurlar qazana bilər”.

Xatırladaq ki, millimiz Fransa ilə 1994-cü ilin dekabrın 13-də Trabzonda keçirdiyi oyunda 0:2, 1995-ci il sentyabrın 6-da Oserdə baş tutan qarşılaşmada isə 0:10 hesabı ilə uduzub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR