TQDK sədri: “Azərbaycanlı gənclər aqrar sahəyə aid ixtisasları seçməyə maraq göstərmirlər”

TQDK sədri: “Azərbaycanlı gənclər aqrar sahəyə aid ixtisasları seçməyə maraq göstərmirlər”
# 07 sentyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Dövlət sifarişli ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər Azərbaycan iqtisadiyyatı üçün lazım olan ixtisasları seçməlidirlər. Amma gənclər bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərdə təhsil almağa maraq göstərmirlər. Həmin sahələr isə daha çox kənd təsərrüfatı, aqrokimya, zootexniklik, baytarlıq, aqromühəndislik və digərləridir”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, növbəti tədris illəri üçün dövlət sifarişli yerlərin sayı bir qədər də artırılıb: “Dövlət sifarişli yerlərin sayını artırmaqla gənclərin dövlət hesabına təhsil alması imkanları genişləndirilir. Məsələn, dövlət sifarişli yerlərin siyahısında torpaqşünaslıq və aqrokimyaya 31 yer ayrılıb, amma 24 nəfər qəbul olub. Aqronomluğa 24 yer ayrılsa da, cəmi 4 nəfər, zootexnik ixtisasına 23 yer ayrılmışdısa, 2 nəfər qəbul olunub”.

TQDK sədri hesab edir ki, valideynlər övladlarının ixtisas seçimində diqqətli olmalıdırlar: “Gənclər Azərbaycan üçün gərəkli ixtisaslar üzrə təhsil ala biləcəkləri təqdirdə özlərinə iş də tapa biləcəklər. Amma həmin ixtisaslar üzrə azərbaycanlı tələbə təhsil almasa, onda bu sahələr üzrə işləmək üçün ölkəyə xaricdən mütəxəssis dəvət ediləcək. Nə üçün bizim gənclər lazım olan ixtisasları seçmirlər? 5 ildən sonra aqrar ixtisasları seçən o gənclər özlərinə iş tapa biləcəklər. Çox zaman şəhərdə yaşayan insanlar kənd təsərrüfatı və aqrar sektoru seçmək istəmir. Amma onlar mütəxəssis olsalar, şəhər yerində də aqrar sektor üzrə iş tapa bilərlər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR