Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - FOTOSESSİYA

Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 22 iyun 2012 15:24 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində
Azərbaycan peşəkar rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin keçirilməsində əsas məqsəd Bəhruz Kəngərlinin əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, onun milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi üçün göstərdiyi xidmətlərin nümayişi və təbliğindən ibarətdir.

Sərgidə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev B. Kəngərlinin həyat və yaradıcılığına nəzər salıb. O, bildirib ki, realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması B. Kəngərlinin adı ilə bağlıdır: “Uşaq ikən ciddi xəstəlik keçirən Bəhruz Kəngərli ümumtəhsil məktəbinə gedə bilməyib, rəssamlığa meyl göstərib. Kəngərlinin rəssam kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin və "Molla Nəsrəddin" jurnalının böyük rolu olub. Rəssamın Naxçıvanda ilk böyük sərgisi keçirilib. Cəmi 30 il ömür sürmüş və 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaradıb. O, realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort çəkib”.

Nazir qeyd edib ki, açılışı keçirilən sərgidə B. Kəngərlinin rəssamlıq nümunələri ilə yanaşı onun əşyaları da ictimaiyyətə təqdim olunur. Ə. Qarayev rəssamın 120 illik yubileyinin prezident İlham Əliyevin müvafiq sərəncamı ilə keçirildiyini deyib. Onun sözlərinə görə, müvafiq sərgi Naxçıvanda və Azərbaycanın digər bölgələrində də keçiriləcək.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Rəssamlar Akademiyasının prorektoru Fərhad Məmmədov və başqaları çıxış ediblər. Daha sonra iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Naxçıvan şəhərində rəssamın muzeyi yaradılıb, qəbirüstü abidəsi ucaldılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR