Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək

Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçiriləcək
# 04 iyun 2012 08:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. İyunun 8-də Azərbaycan Gənclər Fondunun (AGF) təqdimat mərasimi keçiriləcək. Fondun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə fondun loqosu, saytı, fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunacaq.
Tədbirdə Prezident Administrasiyasının rəsmiləri, nazirlər, millət vəkilləri, özəl sektor təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Bir qədər əvvəl AGF gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin AGF-nin fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və Fondun vahid loqosunu hazırlamaq olub. Müsabiqə artıq yekunlaşıb və Fonda 181 ədəd loqo təklifi daxil olub. Müsabiqədə Avropanın bir sıra ölkələrinin də gəncləri iştirak edib.
Qeyd edək ki, AGF ölkə prezidentinin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında yaradılıb. Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək. O cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etmək Fondun əsas məqsədləridir. Fond gənclərin, gənclər təşkilatlarının, eləcə də yerlərdə gənclər siyasətini həyata keçirən dövlət və yerli özünüidarəetmə qurumlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaq, ideyaların yaradılması və idarə edilməsini stimullaşdıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR