Sabirabadda özlərini “baxıcı molla” kimi qələmə verib sakinləri aldadan fırıldaqçılar yaxalanıb

Sabirabadda özlərini “baxıcı molla” kimi qələmə verib sakinləri aldadan fırıldaqçılar yaxalanıb
# 07 mart 2012 09:38 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda özlərini iranlı “baxıcı molla” kimi qələmə verərək sakinləri aldadan fırıldaqçılar yaxalanıb. Sabirabad rayon Polis Şöbəsinin tədqiqatçısı Ülvi Qasımovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, martın 4-də rayonun Surra kənd sakini Rəhimova Fəridə Ələşrəf qızı ərizə ilə polis şöbəsinə müraciət edərək qeyd edib ki, bir neçə gün əvvəl özlərini iranlı “baxıcı molla” kimi təqdim edən 2 nəfər kişi onun həyətinə gələrək tezliklə evdə 2 nəfərin öləcəyini bildiriblər. Onlar bunun qarşısını almaq üçün həyəti bədduadan təmizləmək adı ilə ev sahibindən 130 manat pul alıblar və bu barədə 17 gün ərzində heç kimə xəbər verməməsini istəyiblər. Xəbər veriləcəyi təqdirdə onun ziyan çəkəcəyini söyləyiblər.

F. Rəhimova bir neçə gün sonra başına gələnləri kürəkəni Heydərov Mahir Mirabbas oğluna danışıb. Fırıldaqçı mollalar bir neçə gün sonra təsadüfən rayonun Kovlar kəndində yaşayan Mahir Heydərovun həyətinə gəliblər. M. Heydərov onları görən kimi 102 xidmətinə zəng vurub. Duyuq düşən fırıldaqçılar qaçmağa başlayıb. M. Heydərov onlardan birini tutaraq polisə təhvil verib. Müəyyən olunub ki, həmin şəxslər Yevlax rayon sakinləri, 1972-ci il təvəllüdlü Abdullayev İlham Camal oğlu və 1966-cı il təvəllüdlü Vəliyev Tofiq Məhəmməd oğludur.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR