Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilən tədbirdə iştirak ediblər

Baş Prokurorluğun əməkdaşları İtaliyada keçirilən tədbirdə iştirak ediblər
# 27 mart 2012 14:11 (UTC +04:00)
Bakı-APA. İtaliyanın Serakuza şəhərində “İqtisadi və maliyyə cinayətlərinin aşkar edilməsi, istintaqı və kriminallaşdırılması sahəsində standartların müəyyən edilməsi” mövzusunda ixtisaslaşmış regional treninq-seminar keçirilib. APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, tədbir Avropa Şurasının Şərq Tərəfdaşlığının Düzgün İdarəçilik və Korrupsiyaya qarşı mübarizə layihəsi çərçivəsində həmin qurumun Kriminalistika sahəsində Ali Elmi Tədqiqatlar İnstitutu (ISISC) ilə birgə təşkilatçılığı ilə baş tutub. Ukrayna, Moldova və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə Bazel İdarəçilik İnstitutunun Əmlakın bərpası üzrə Beynəlxalq Mərkəzinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının qarşısının alınması sahəsində ixtisaslaşmış ekspertləri tərəfindən seminar iştirakçılarına cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması, müsadirəsi, habelə bu sahədə beynəlxalq əməkdaşlıq vasitə və alətləri barədə ətraflı mühazirələr oxunub, eyni zamanda qabaqcıl dünya ölkələrinin qeyd olunan sahədə formalaşmış istintaq və məhkəmə təcrübəsi, mövcud qanunvericilik və beynəlxalq standartlar barədə ətraflı fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı onları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Tədbirdə Azərbaycan Respublikasını Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev, şöbə prokuroru Rəşid Mahmudov, həmçinin Sumqayıt Apellyasiya və Xəzər rayon məhkəmələrinin hakimləri təmsil ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR