Sumqayıtda ARDNŞ-ın yeni Təlim-Tədris Mərkəzi işə başlayıb - FOTOSESSİYA

Sumqayıtda ARDNŞ-ın yeni Təlim-Tədris Mərkəzi işə başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 04 iyul 2012 15:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə şirkətin Sumqayıt Təlim-Tədris Mərkəzinin açılışı olub.

«APA-Economics»in məlumatına görə, mərkəz “Azərikimya” İstehsalat Birliyinin və Sumqayıtın sənaye müəssisələrinin yüksək ixtisaslı kadr hazırlığına olan tələbatını ödəmək məqsədilə “Etilen-Polietilen” zavodunun 2200 kvadrat metrlik ərazisində inşa olunub.

Burada elektrik qaz qaynaqçısı, nəzarət ölçü cihazları və avtomatika, təmirçi çilingər, texnoloji kompressorların maşinisti, aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti, quraşdırıcı çilingər, xammalın hazırlanması və hazır məhsulun buraxılması üzrə aparatçı, qaz kəsici, qaz qaynaqçısı və digər peşələr üzrə yeni kadrların hazırlanması və ixtisaslarının artırılması nəzərdə tutulur. Mərkəzdə cari tədris ilində 7 ixtisas üzrə 100 nəfər fəhlə hazırlanacaq. Onlar təhsil müddətində nahar yeməyi, təqaüd və xüsusi geyim forması ilə təmin ediləcəklər. Eyni zamanda, 2012-ci ilin sonunadək Mərkəzdə “Azərikimya” İB-nin müəssisələrində çalışan 1000 nəfər işçinin ixtisasının artırılması, 2-ci peşəyə yiyələnməsi və yenidən hazırlanması nəzərdə tutulub.

Qısa müddətdə inşa olunub müasir standartlar səviyyəsində təchiz edilmiş Sumqayıt Təlim-Tədris Mərkəzində yaradılmış şəraitdən razı qaldığını bildirən R.Abdullayev deyib ki, hazırda Sumqayıtın böyük sənaye şəhərinə çevrilməsi proqramı hazırlanır: “Bu proqram əsasında Sumqayıtda karbamid zavodu tikilir, sənaye parkı yaradılır və orada artıq 3 minə yaxın iş yeri yaradılıb. İndi isə Sumqayıt kimya sənaye parkı yaradılır və bu məqsədlə «Azərkimya»nın ərazisindən 160 hektar yer ayrılıb. Hazırda bununla bağlı proqramlar hazırlanır və yəqin bu ilin sonuna orada böyük işlərin görülməsinə başlanacaq”.

R.Abdullayev bildirib ki, bu proqramların həyata keçirilməsi üçün kadr hazırlığı mühümdür. ARDNŞ-ın bu məsələyə böyük diqqət yetirdiyini bildirən ARJNŞ rəhbəri deyib ki, Bakıdakı kadr hazırlığı mərkəzi ən müasir dünya standartlarına cavab verir: «Biz qərara gəldik ki, Sumqayıtda da peşəkar fəhlələrin hazırlanması üçün belə bir mərkəz yaradaq. Məktəbdə hazırlanan kadrlar Sumqayıtda həyata keçiriləcək layihələrin müasir biliklərə malik kadrlarla təmin edilməsində böyük rol oynayacaq».

Qeyd edək ki, Təlim-Tədris Mərkəzində elektrik avadanlıqlarının təmiri və xidməti, nəzarət ölçü cihazları və avtomatika, dəzgah, qaynaq, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə, həmçinin aparatçı, maşinist, çilingər və elektrik qaz qaynaqçıları üçün təlim emalatxanaları yaradılıb. Mərkəzin tədris otaqları və təlim emalatxanaları müasir informasiya texnologiyaları və zəruri əyani vəsaitlərlə təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR