Herman Melvilinin “Mobi Dik, yaxud Ağ Balina” kitabı ilk dəfə Azərbaycan dilində çap olunub

Herman Melvilinin “Mobi Dik, yaxud Ağ Balina” kitabı ilk dəfə Azərbaycan dilində çap olunub
# 19 iyul 2012 08:23 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. On doqquzuncu əsr Amerika ədəbiyyatının ən populyar nümunələrindən hesab olunan və dünya ədəbiyyatının klassik şedevr romanı sayılan “Mobi Dik, yaxud Ağ Balina” kitabı "Şərq-Qərb" nəşriyyatında ilk dəfə Azərbaycan dilində çap edilib. Nəşriyyatdan APA-ya verilən məlumata görə, Amerikanın məşhur ədəbiyyat nəhənglərindən biri hesab olunan Herman Melvilin (1819-1891) bu kitabının ingiliscədən Azərbaycan dilinə tərcüməçisi və ön sözünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirlidir. Kitabın redaktorları Nərgiz Cabbarlı, Aqşin və Tərlan Qorçudur. Azərbaycan oxucusuna təqdim olunan bu roman dünyanın on ən ağır və çətinoxunan əsərləri sırasına düşüb. XIX əsr dünya klassik ədəbiyyatı tarixində unikal bir əsər olan “Mobi Dik, yaxud Ağ Balina” çap olunandan dərhal sonra Amerika tənqidçiləri onu “qəribə roman” adlandırıblar. Janr tələblərinin bütün xüsusiyyətlərinə rəğmən bu romanın əsas süjet xəttində - nəhəng dəniz Əjdahası, yəni Ağ Balina-Mobi Dik durur. Əsər on doqquzuncu əsrin birinci yarısında Amerikada balina ovçuluğu ilə məşğul olan insanların dəniz həyatından, habelə bu ovun insanlara və dəniz heyvanına gətirdiyi müsibətlərdən bəhs edir. Romandakı maraqlı süjet xətti, epik dəniz mənzərələrinin təsviri, habelə yazıçının müxtəlif insan xarakterlərini öz fəlsəfi mülahizələri və ümumiləşdirmələri ilə ustalıqla uzlaşdıra bilməsi bu əsəri dünya ədəbiyyatının şedevrləri sırasına daxil edib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin mətbəəsində səhifələnən bu əsər 150 cildlik "Dünya Ədəbiyyatı Kitabxansı" seriyası ilə nəşr olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR