Beynəlxalq Enerji Agentliyi: İranda neft hasilatı 10 illik minimuma enib

Beynəlxalq Enerji Agentliyi: İranda neft hasilatı 10 illik minimuma enib
# 15 mart 2012 10:45 (UTC +04:00)
Bakı - APA-Economics. İranda neft hasilatı ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən son 10 illik minimuma enib və belə davam edərsə, 1980-ci illərdə İran-İraq müharibəsi vaxtı qeydə alınmış ən aşağı səviyyəyə düşə bilər.

APA-Economics”in CNN-ə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq Enerji Agentliyi açıqlama yayıb.

Bildirilir ki, İranda gündəlik neft hasilatı 50 min barel azalaraq 3,38 mln. barelə enib. Sonuncu dəfə bu göstərici 2002-ci ildə qeydə alınıb.

Neft ixracı İranın dövlət gəlirlərinin 80%-ni təmin edir. Ölkənin ixracatında neftin payı 80%-dir.

Qeyd edək ki, bu il yanvarın 23-də Avropa Birliyinə (AB) daxil olan ölkələrin xarici işlər nazirləri İranın nüvə proqramının maliyyə qaynaqlarını kəsmək məqsədilə bu ölkədən neft idxalına embarqo tətbiq olunması və İran Mərkəzi Bankının Avropadakı aktivlərinin dondurulması haqqında sənədi imzalayıb. Sənəd İrandan xam neft alışına dərhal qadağa qoyulmasını nəzərdə tutur. İndiyədək bağlanmış müqavilələr üzrə öhdəliklər isə 1 iyul 2012-ci ilədək yerinə yetirilməlidir.

İran ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar ötən ilin dekabr ayından bəri neftin qiyməti 20%, benzinin qiyməti 8% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR