Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdə başlanması nəzərdə tutulur.
"APA-Economics" xəbər verir ki, bunu "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov mətbuat brifinqi zamanı bildirib.
Onun sözlərinə görə, 34 illik istismar dövrü ərzində yatağın 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır: " Layihənin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya isə 1 milyard manatdır. Bildiyiniz kimi, müşavirədə cənab Prezident tərəfindən “AzerGold”un ilkin mərhələdə yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərməsi tapşırıldı. Vurğulandı ki, istismar irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq və bundan sonra, zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi nəzərdən keçirilə bilər".
Zakir İbrahimov vurğulayıb ki, Filizçay layihəsinin icrası yeni ixrac imkanları yaradacaq və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq: "Eyni zamanda regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına təkan verəcək. Layihənin icrası ilə hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişlənməsi üçün də yeni imkanlar yaranacaq. Beləliklə, Filizçay ölkənin əlvan metallurgiya potensialının inkişafına və yeni sənaye dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək".