Ayaz Mütəllibov: “Məni prezident postundan uzaqlaşdırmaq məsələsində azərbaycanlı və erməni “demokratlar”ın ortaq maraqları vardı” - MÜSAHİBƏ - FOTOSESSİYA

Ayaz Mütəllibov: “Məni prezident postundan uzaqlaşdırmaq məsələsində azərbaycanlı və erməni “demokratlar”ın ortaq maraqları vardı” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 22 fevral 2013 14:12 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun APA-ya müsahibəsi

- Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. Ölkəyə rəhbərlik etdiyiniz həmin dövrü, ümumiyyətlə o faciəli hadisələri necə xatırlayırsınız?

- Bu faciə heç vaxt unudulmayacaq ki, xatırlanmasından danışaq. Xocalı sakinlərinin acısı və dözülməz ağrıları daim azərbaycanlıların qəlbində və ruhundadır. Qəddarlığına görə heç bir çərçivəyə sığmayan, şahidi olduğumuz həmin o dəhşətli günləri vaxt yaddaşlardan silə bilmir. Bu hadisələr ədalətə, insafa, insanpərvərliyə və mərhəmətə olan inamımızı sarsıtdı. Törədilmiş faciə azərbaycanlıların “sivil ölkələrin” təbliğ etdikləri ümumbəşər dəyərlərinə inamına və əhval-ruhiyyəmizə mənfi təsir göstərdi. Digər tərəfdən haqq-ədalətə, ümidsizliyə, mərhəmətsizlik hisslərinin yaranmasına gətirib çıxardı. Xocalı hadisələri erməni millətçilərinin əsasını 1988-ci ilin fevralında qoyduqları xalqlarımız arasında olan kəskin münasibətləri daha da pisləşdirdi. Mənə gəldikdə isə, deyə bilərəm ki, həmin o unudulmaz dəhşətli günlərdə keçirdiyim sarsıntıları pis yuxularımda belə təsəvvür edə bilməzdim. Ruhum bu gün də əziyyət çəkir ki, qara əməllər törətmiş, lakin cəzasız qalmış yaramazlar haradasa gəzişir və zabit şərəfini adlayıb keçərək müdafiəsiz insanlara atəş açan keçmiş 366-cı motoatıcı alayın poqonluları hələ də cəzalarını almayıblar.

- Ümumiyyətlə, Xocalı qırğınının baş vermə səbəbləri haqqında nə deyə bilərsiniz?

- Sual tamamilə yerində verilib. Hadisənin siyasi tərəfini araşdırmadan onun nəticələri barədə fikir yürütmək olmaz. Xocalı hadisəsi Azərbaycan ərazisinin, daha dəqiq desək, hətta sovetlərə qədər Rusiya imperiyasının vahid etnik-iqtisadi subyekti olan Qarabağ regionunun bir hissəsinin qoparılması planının bir hissəsi olub. Bu proses SSRİ-nin dayaqlarının demokratikləşdirilməsi fonunda 1988-ci ilin fevralında başladı və dramatik hadisələrlə müşayiət olundu. Qısası, yenidənqurmanın üçüncü ilində Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində təkcə Azərbaycanı deyil, sonradan göründüyü kimi bütün ölkəni bütünlükdə darmadağın etməyə malik olan, özündə potensial qanlı prosesləri və böyük gücü ehtiva edən hadisələrə start verildi. İnanmaq olarmı ki, dünyada çox böyük təsiri olan, ölkəsinin ən yaxşı kəşfiyyat orqanlarına malik İttifaq Azərbaycanda başlamış ərazi münaqişəsinin nəyə gətirib çıxara biləcəyini başa düşmək bacarığına malik olmasın? Yox, buna inanmaq olmaz! Ümid etmək olarmı ki, azərbaycanlılar DQMV-də artıq baş vermiş hadisələrə biganə qalacaqdılar? Əminəm ki, yox. Deməli, münaqişənin ardınca qan töküləcəyinə şübhə ola bilməzdi. Belə çıxır ki, Qarabağ qiyamının sponsorlarının vəzifələrinə qan tökülməsi də daxil idi ki, bu da azərbaycanlıların vəhşi olmaları və onlarla bir ölkədə yaşamağın mümkün olmamağı barədə fikirlərin təbliğinə kömək etməli idi. Bu səbəbdən də ermənilər Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması tələbini irəli sürmüşdülər. Söhbət ondan gedir ki, Xankəndində keçirilən mitinqlərin təşəbbüskarları DQMV-nin Azərbaycanın tərkibindən çıxması tələblərini rəsmi Bakı tərəfindən erməni icmasına yürütdüyü ayrı-seçkilik siyasəti ilə əsaslandırırdılar. Halbuki erməni millətindən olan Azərbaycan vətəndaşları hakimiyyət, sosial, kadr iyerarxiyasının bütün pillələrində Ermənistan vətəndaşı olan azərbaycanlılara nisbətən daha çox təmsil olunmuşdular. Tərəddüd etmədən açıq demək lazımdır ki, vilayətin erməni əhalisinə qarşı ayrı-seçkiliyə istinad etmək məhz DQMV ərazisini Azərbaycandan qoparmaq məqsədini daşıyırdı. Dağlıq Qarabağda azərbaycanlıların vəziyyətinə gəldikdə isə, burada statistika əslində onlara münasibətdə ayrı-seçkilik olduğunu göstərir. Dağlıq Qarabağda erməni əhalisinin sayı nisbətən sabit qaldığı halda azərbaycanlıların sayı permanent şəkildə azalırdı. Bunun səbəbi nə idi? Səbəbi o idi ki, rəsmi Bakı DQMV-nin azərbaycanlılar yaşayan rayonlarının inkişafına nəzarət etmək yolu ilə onların sayının azalmasına yol verməmək üçün zəruri tədbirlər görmürdü. Burada muxtariyyətin erməni əhalisinə qarşı hansı ayrı-seçkilikdən danışmaq olar? Bir sözlə, qarşıdurmanın təşəbbüskarlarının əlində vəziyyəti kəskinləşdirmək üçün kifayət qədər arqumentlər yox idi. Yəni bu işə onlar gözüyumulu gedirdilər. Özünü dünya ictimaiyyətinin diqqətinə “alçaldılmış və təhqir olunmuş” millət kimi çatdırmaq üçün əllərindən gələn hər şeyi edirdilər. Bu işdə onlara törətdikləri terror aktlarını böyük kömək olurdu. Azərbaycanda qatarlarda, avtobuslarda partlayışlar törədilməsini, azərbaycanlılarla əməkdaşlıq etmək istəyən ermənilərin fiziki cəzalandırılmasını xatırlatmaq kifayətdir. DQMV ərazisində iki azərbaycanlının bu hadisələrlə əlaqədar ilk şəhid olması da təsadüfi deyil.

- Yəni, Moskva Xocalı və ya azərbaycanlılar yaşayan hansısa bir məntəqədə bu səpkili faciəli hadisənin baş verəcəyini əvvəlcədən görürdü? Yoxsa bu, ümumi prosesin bir mərhələsi idi?

- Etiraf etmək lazımdır ki, Azərbaycandakı hadisələr, o cümlədən qan tökülməsi o vaxtkı ittifaq dövlətinin bütün aidiyyatı hakimiyyət orqanlarının razılığı və icazəsi ilə baş verirdi. Məhz buna görə də artıq 1988-ci ilin dekabrında Ermənistanda azərbaycanlı qalmadı. Onlar etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovuldular. Bir qədər əvvəl isə azərbaycanlılar Dağlıq Qarabağdan, yəni öz torpağından qovulmuşdular. Bütün bu deyilənlər SSRİ dövründə, ölkə vətəndaşlarının qanının tökülməsini müşahidə edən və öz fəaliyyətsizliyi ilə onu şövqləndirən o vaxtkı ittifaq rəhbərliyinin cinayətkar laqeydliyi nəticəsində baş vermişdi. Burada yerli rəhbərlərin respublikada qayda-qanun yaratmaq iqtidarında olmamasına istinad etmək əsassızdır. Çünki mərkəz onların hamısını aşağı səviyyəyə, yəni döşəmə səviyyəsinə endirmişdi. Bu hal təkcə Azərbaycanda deyil, ərazi münaqişələri olan hər bir yerdə idi. SSRİ dağıldıqdan sonra gərginlik yeni təhlükəli mərhələyə - tam xaos yaratmaq və xüsusilə Azərbaycanda rəhbərliyi dəyişdirmək məqsədilə kənardan proseslərə açıq müdaxilə və destruktiv proseslərlə idarəetmə mərhələsinə keçmişdi. Vəziyyət elə həddə çatdırılmışdı ki, erməni birləşmələri və 366-cı motoatıcı alayın hərbi qulluqçuları Xocalını işğal etmiş, onun sakinlərinə qanlı divan tutmuşdu. Qırğını törədənlər heç bir vicdan əzabı çəkmirdilər. Çünki ermənilərə qarşı Sumqayıtda və Bakıda törədilmiş və dünyanın hər tərəfinə geniş yayılmış talançılıq əməlləri ermənilərdə azərbaycanlılara qarşı süni nifrət aşılamış və ermənilərin törətdikləri əməllər sivil dünya ölkələrində onların ədalətli qisası kimi qəbul olunmuşdu. Ancaq Bakıda və Sumqayıtda talanlar baş verdikdə azərbaycanlılar erməniləri xilas edirdilər. Bu da faktdır ki, xilasetmə prosesində sadə azərbaycanlılar iştirak edirdilər. O günlərdə respublikada suyu kim bulandırırdı, xalqlarımız arasında münasibətləri kim pisləşdirirdi, vəziyyəti kim gərginləşdirdi – bu barədə danışmaq çox çətin idi. Amma o vaxt belə qüvvələrin mövcudluğuna heç bir şübhə yoxdur və o qüvvələr həmin tarixi məqamda tamamilə konkret bir tapşırığı icra edirdilər.

- Bəs, Azərbaycan rəhbərliyi niyə buna qarşı çıxa bilmirdi?

- Bəla onda idi ki, respublika idarəetmə qabiliyyətini itirmişdi və hakimiyyət orqanlarından heç nə asılı deyildi. Hələ Xocalıda qanlı hadisələr baş verməzdən əvvəl yerli hakimiyyət orqanlarını o qədər hörmətdən salmışdılar ki, tam başıpozuqluq və xaos vəziyyəti yaranmışdı. Azərbaycanda baş verənlərin mahiyyəti ölkəmizin əlverişli coğrafi mövqeyi və böyük karbohidrogen ehtiyatlarına sahib olması ilə bağlıdır. Ona görə də geosiyasi məqsədlərə çatmaq üçün bütün baş verənləri Dağlıq Qarabağla əlaqələndirmək lazımdır. İttifaqın mühüm məqsədlərindən biri Azərbaycanda baş qaldıran separatçılığın qarşılığında yerli erməni separatçılarına dəstək vermək olub. Axı onda respublikalar suverenlik haqqında bəyannamələr qəbul edirdi. Mərkəz isə “yenidənqurma dəyərlərinə” guya anlayışlı yanaşaraq, buna yol vermək istəmirdi. Belə əzəmətli dövlətçilik vəzifələri bir qədər fərqli variantda Rusiyanın postsovet siyasətçilərinin düşüncəsində də mövcud idi. Keçmiş müttəfiq respublikalarda separatizmə qarşı profilaktika sovet Moskvasından postsovet Moskvasına rəvan qaydada keçdi. Bu isə 1990-ci illərin əvvəllərində Azərbaycana çox bəlalar gətirdi. Başlanğıc Xocalı faciəsi, sonu isə respublikanın yeddi rayonunun işğalı oldu.

- BMT-nin iclaslarının birində Ermənistanın bu qurumdakı səfiri Xocalıda azərbaycanlıların soyqırımının tanınmasına etiraz əlaməti olaraq, bu hadisənin azərbaycanlılar tərəfindən törədildiyini demişdi. Səfir Azərbaycan Xalq Cəbhəsini nəzərdə tutaraq Xocalı hadisələrinin azərbaycanlıların özləri tərəfindən törədildiyini bildirmişdi. O öz iddiasında Sizin sözlərə istinad edib və bildirib ki, guya bu fikirləri müsahibələrinizin birində Siz demisiniz...

- Əlbəttə ki, ermənilər qırğında azərbaycanlı izinin olması iddia edərkən bu hadisələrdən əziyyət çəkən, şikəst olan və şəhid verən insanların sözlərindən sitat gətirməyəcəkdilər. Bunu sübut etmək üçün daha güclü dəlillərlə silahlanmaq lazımdır, nəinki sakinlərin mühasirədə olan şəhərdən çıxarılması üçün hansısa dəhlizlərin açılmasına istinad etmək. Qeyd olunan dəhlizlər 600 nəfərdən çox güllələnən, sonradan isə tanınmaz hala salınan uşaq, qadın və qocanı, 1000-dən artıq yaralını xilas etmədi. Gecə ikən şəhərdən qaçan əhaliyə dəhliz açılması, insanlara radioyayım vasitəsi ilə xəbərdarlıqlar edilməsi böyük şübhə altındadır. İnsanların mühasirədən çıxması üçün marşrut göstərilməsi barədə də heç bir vərəqə tapılmadı.

Öz doğma yurd-yuvasından qovulan azərbaycanlılar hələ qədimdən ermənilərlə qonşuluqda yaşamışdılar. Onlar bir vaxtlar qarışıq ailə qurmuş, bir-birinin evinə qonaq getmişdilər. İndi isə onları yalnız azərbaycanlı olduqlarına görə güllələmək olar? Səbəb odur ki, erməni millətçiləri tərəfindən tez-tez incidilməsinə baxmayaraq, azərbaycanlılar daim ənənəvi qonşuluq qanunlarından geri çəkilməmiş, ürəklərində kin-küdurət saxlamamış, vaxtaşırı başlarına gətirilən qırğınlar barədə xatirələrlə yaşamamışlar. Azərbaycanlıların qonaqpərvərliyi, tolerantlığı təəccüblü fenomendir. Sadəlik və ürəyiyumşaqlıq çoxdan xalqımıza şöhrət gətirib. Bəs onda ermənilərin Xocalıdan olan dinc qonşularına belə patoloji qəddarlıq nə ilə izah edilir? Əminəm ki, mehriban qonşuluq prinsipini qan tökmək naminə ayaqlamaq ruhi cəhətdən normal adamın işi deyil. Məsələ başqadır. Həmişə yaxşılıq yamandan güclü olub. Sonda hər iki xalq barışıq yolunda üz-üzə gəldikdə yaxşılıq qələbə çalıb. Xocalı sakinlərini qəddarlıqla qətlə yetirənlər isə əsrlər boyu qonşu olmağa məhkum olan xalqların barışığı yolunda yaranmış imkanları məhv ediblər. Bircə bunu demək qalır ki, meşə yolu ilə qaçan sakinləri vəhşicəsinə qətlə yetirənlər azərbaycanlılara, barışıq yaranması imkanlarına nifrət ediblər.

İndi isə qayıdaq Azərbaycan Xalq Cəbhəsini Xocalı hadisələrinin təşkilatçısı adlandırmağım məsələsinə. Mən AXC-ni Xocalı hadisələrinin təşkilatçısı adlandırmamışam. Mən qətiyyən bu təşkilatın adını çəkə bilməzdim. Çünki ermənilərin istinad etdiyi müsahibəni verdiyim zaman dövlətin əlində foto sənədlərindən başqa heç bir dəlil yox idi. Ölkə prezidenti kimi hər-hansı nəticə çıxarmaq üçün əlimdə dəlil olmayıb. Mən dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində bildirmişəm ki, Xocalı faciəsi Azərbaycan cəmiyyətini şok vəziyyətinə, geniş miqyaslı depressiyaya salıb. O ki, qaldı Azərbaycan Xalq Cəbhəsinə, hakimiyyət uğrunda mübarizənin bütün qanunlarına görə, Xalq Cəbhəsi yaranmış vəziyyətdən istifadə etməyə bilməzdi. Bu səbəbdən AXC Ali Sovetin fövqəladə sessiyasının çağırılmasını, mənim istefamı gündəliyə salmağı təşkil etdi. Xocalı faciəsini törədənlər AXC-yə hakimiyyətə gəlmək üçün yaxşı şans verdi. Mən baş vermiş hadisəyə görə mənəvi məsuliyyəti üzərimə götürməyə bilməzdim və bu səbəbdən istefa vermək məcburiyyətində qaldım. Bu, postsovet məkanında nümayiş etdirilən ilk siyasi mədəniyyət dərsi idi. Hərçənd, mənim heç bir şəxsi təqsirim yox idi. Bu mənada demək olar ki, ermənilərin Xocalıda törətdiyi qırğın hakimiyyət uğrunda mübarizə aparan AXC-nin köməyi ilə Azərbaycanda stabilliyi pozmaq məqsədi güdürdü. Aydın görünürdü ki, mən o vaxtkı “demokratik” erməni rəhbərliyinə, həmçinin vaxtilə Boris Yeltsinin ətrafında olan şəxslərə və təbii ki, AXC-də olan azərbaycanlı “demokratlar”a münasib partnyor deyiləm. Məni prezident postundan uzaqlaşdırmaq məsələsində azərbaycanlı və erməni “demokratlar”ın maraqlarının ortaq olduğunu söyləmək məncə artıqdır. Bu, indi hamıya məlumdur.

1991-ci ilin aprel-iyul aylarında pasport rejiminin yoxlanması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi haqqında Mixail Qorbaçovun fərmanının icrası pərdəsi altında, ancaq peşəkar ordunun bacaracağı xüsusi hərbi əməliyyat keçirildi. Bu əməliyyat çərçivəsində 20-dən artıq kənd erməni terrorçularından təmizləndi. Həmin günlərdə Moskvada olarkən, Ermənistan prezidenti mənə bildirdi ki, cəmiyyətdə ona qarşı yönələn narazılıq dalğasını yaradan qeyd etdiyim kəndlərin boşaldılması əməliyyatını mənə bağışlamayacaq. Prinsip etibarı ilə bu gözlənilən idi. Mən isə cavabında bildirdim ki, 1988-ci ilin dekabrında azərbaycanlıların qarlı dağlarla piyada və ayaqyalın Ermənistandan qovulmasını ona heç vaxt bağışlamayacağam. Həmin vaxt zorakılığın qurbanı olan çoxlu sayda uşaq, qadın və qoca dağlarda donaraq həlak olmuşdu. Hesab edirəm ki, AXC haqqında söylədiyim fikirlərə istinad olunması məsələsinə aydınlıq gətirdim.

Prezidentliyim dövründə AXC-yə qarşı tənqidi mövqe tutsam da, Xocalı hadisələrində bu qurumun rolu olduğunu deyə bilmərəm. Lakin onların hakimiyyətə gəlmək üçün yaranmış şansdan məmnun qaldıqlarına şübhə etmirəm.

Ermənilər Xocalıda törətdiklərin əməllərindən imtina etməməlidir. Soruşmaq istərdim, Azərbaycan milisinin sərəncamında olmayan tanklardan və digər ağır texnikadan ona qarşı istifadə olunması nə dərəcədə məqsədəuyğun idi? Şübhəsiz ki, Xocalı hadisələrinə dair söylədiklərimə istinad edilməsinə AXC də səbəb olmuşdu. Çünki Ali Sovetin fövqəladə sessiyasının çağırılmasından və mənim məcburi istefamdan sonra baş verənlərdə ancaq məni günahlandırmaq adi bir hala çevrilmişdi. Ölkənin kütləvi informasiya vasitələri də aktiv şəkildə bu xətti tutmuşdu. Allaha şükürlər olsun ki, son illər bunu anlamayanlar artıq başa düşürlər ki, erməniləri Xocalıda soyqırımı törətməkdə günahlandırırsansa, buna görə bütün məsuliyyəti ölkə prezidentinin üzərinə qoymaq olmaz!

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR