Bank Of Baku

Azər Əmiraslanov: Azərbaycanda rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi davamlı proses olmalıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

© APA | Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

# 14 oktyabr 2026 10:56 (UTC +04:00)

Azərbaycanda rəqabətin hüquqi bazasının təkmilləşdirilməsi davamlı xarakter daşımalıdır.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqabət mühiti yalnız bir dövlət qurumunun fəaliyyəti, konkret məcəllə və ya ayrıca tədbirlə deyil, çoxşaxəli və sistemli fəaliyyət nəticəsində formalaşa bilər.

A.Əmiraslanov qeyd edib ki, rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illər üzrə Milli Fəaliyyət Planının təsdiqlənməsi də məhz bu yanaşmaya əsaslanır.

“Dünya iqtisadiyyatında vahid oyun qaydalarının pozulduğu, ticarət məhdudiyyətlərinin, aqressiv proteksionizmin və sanksiyaların tətbiq edildiyi bir vaxtda Azərbaycan tərəfdaşları ilə qarşılıqlı faydaya əsaslanan ədalətli ticarət və investisiya rejimi müəyyən edir”, – deyə o bildirib.

Komitə sədri vurğulayıb ki, bazar iqtisadiyyatı şəraitində rəqabət ədalətli və qaydalarla tənzimlənən formada aparılmalıdır. Rəqabət Məcəlləsinin qəbul edilməsi də bu məqsədə xidmət edir.

O əlavə edib ki, son illərdə yerli iqtisadi subyektlərin dəstəklənməsi məqsədilə beynəlxalq investisiya forumlarının təşkili, dövlət-özəl tərəfdaşlığı və investisiya təşviqi mexanizmlərinin tətbiqi, eləcə də müvafiq infrastrukturun yaradılması istiqamətində təşəbbüslər həyata keçirilir.

A.Əmiraslanov bildirib ki, Milli Məclis rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əməkdaşlığı davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR