Radik İsayev: “Qarşımıza ən yüksək vəzifələr qoyulub”

Radik İsayev: “Qarşımıza ən yüksək vəzifələr qoyulub”
# 10 iyun 2015 07:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycan taekvondoçuları Avropa Oyunlarının startı ərəfəsində azarkeşlərə müraciət edib. Apasport.az saytının məlumatına görə, ilk dəfə keçiriləcək yarışda ölkəmizin şərəfini qoruyacaq idmançılar tərəfdarları onlara dəstək olmağa çağırıb.

Avropa və dünya çempionumuz Radik İsayev bildirib ki, Bakıda təşkil olunacaq Oyunlar idmançılarla yanaşı, xalqımız üçün də vacib bir yarışdı: “Hazırlığımız yüksək səviyyədədi. Qarşımıza ən yüksək vəzifələr qoyulub. Lakin bizim də azarkeşlərin dəstəyinə ehtiyacımız var. Xahiş edirik, gəlin, bizi dəstəkləyin və birgə çempion olaq”.

Qadın millimizin aparıcı üzvü, gənclər arasında dünya, həmçinin Avropa çempionu olan, London Olimpiadasının iştirakçısı Fəridə Əzizova da xalqımıza səslənib. O bildirib ki, digər yığmalarımız kimi taekvondo millimiz də Avropa Oyunlarında ən yüksək nəticə qazanmağı hədəfləyib: “Hər idmançı Avropa Oyunlarına ciddi yanaşır və bu səbəbdən də çox yaxşı hazırlaşıb. Komandamızda hamı qalib gəlmək istəyir. İnanıram ki, hamımızın istəyi həyata keçəcək. Yanvardan başladığımız təlim-məşq toplanışları yüksək səviyyədə keçib və uğurlu çıxışımıza ümid edirəm. İyunun 16-19-da bizi gərgin mübarizə gözlədiyindən, sizlərə - azarkeşlərə böyük ehtiyacımız var. Döyüşlərimizin keçiriləcəyi “Kristal Hall”a gəlin, bizə dəstək olun. Sevincimizi, unudulmaz xatirələri və hər bir qələbəni bizimlə yaşayın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR