ETSN: Masazırdakı sürüşmə zonasında genişlənmə və yarım metrə yaxın eninə böyümə var

ETSN: Masazırdakı sürüşmə zonasında genişlənmə və yarım metrə yaxın eninə böyümə var
# 08 aprel 2013 12:56 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov APA-ya açıqlamasında bildirib ki, ərazidə genişlənmə və yarım metr endə böyümə var.

Onun sözlərinə görə, çat sahəsinin yuxarı hissəsində uçqunlar davam edir: “Həmin ərazidə yuxarı hissə uçub. Belə ki, sürüşmənin qaş hissəsində uçqun olub. Yarım metrdən çox olan torpaq kütləsi uçub və 2 metr dərinliyə qədər düşüb. Bunlar baş verdikcə ev üçün təhlükə artır. Bizim tərəfimizdən olan bütün tədqiqat işləri başa çatdırılıb. Təkliflər planı müvafiq dövlət strukturlara təqdim edilib. Hazırda Nazirlər Kabineti tərəfindən verilən tapşırığa əsasən 1-2 gün müddətində tədbirlər planının icrasına başlanacaq”.

B. Qaralov qeyd edib ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin qərarına əsasən, Masazırdakı sürüşmə zonasında müvafiq tədbirlər görüləcək: Bu, bir-iki günün işi deyil. Burada iş görülən vaxt hansı tədbirlərin görülməsi ilə bağlı layihə hazırlanmalı, əlavə tədqiqat işləri aparılmalıdır. Bu səbəbdən işlər bir az gecikib. Birdəfəlik tədbir görülməlidir ki, əlavə sahələrə ziyan dəyməsin. Ərazidə işlərin görülməsi üçün gecikmənin ən əsas səbəbi budur. Lakin artıq müvafiq tapşırıq verilib və çox qısa vaxtda müvafiq dövlət strukturları ərazidə işlərə başlayacaq”.

Nazirlik rəsmisi bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyisadəcə geoloji şəraiti öyrənməklə məşğuldur: “Problemin aradan qaldırılması digər təşkilatlar tərəfindən həyata keçirilir. Bizim bu işləri görmək üçün lazımi vəsaitimiz var və tərəfimizdən lazımi işlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR