Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə cəza tətbiq olunacaq

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə cəza tətbiq olunacaq
# 01 fevral 2013 13:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni dəyişikliklə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə cəza tətbiq olunacaq.

Belə ki, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına (Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin areallarında başqa növ bitki nümunələrinin istehsalçılarına dövlət vəsaiti hesabına yardımın göstərilməsinə; mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının mühafizəsi qaydalarının pozulmasına; Azərbaycan Respublikasının Milli Gen Bankının davamlılığına mane olan hərəkətlərə, yəni soyuducu kameraların motorlarının, quruducu aparatların elektrik təchizatının dayandırılmasına (kəsilməsinə), yanğın törədə biləcək tezalışan maddələrin Azərbaycan Respublikasının Milli Gen Bankının ərazisinə gətirilməsinə, toxumların saxlanma rejiminin pozulmasına; Azərbaycan Respublikasında aqroekosistemlər üçün potensial əhəmiyyətə malik olan nadir və nəsli kəsilməkdə olan bitki növlərinin (populyasiyalarının) genetik ehtiyatlarının mühafizəsinə ziyan vuran fəaliyyətə, yəni arealları təyin edilmiş və mühafizəyə cəlb edilən nadir və nəsli kəsilməkdə olan bitki növlərinin qanunsuz toplanmasına, onların yerləşdiyi ərazilərdə mal-qaranın otarılmasına, həmin ərazilərin yandırılmasına) görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.

Elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə fiziki şəxslər üç min manat miqdarında, vəzifəli şəxslər on min manat miqdarında, hüquqi şəxslər əlli min manat miqdarında cərimə olunacaq.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR