Oqtay Əsədov: “Zəbt olunmuş Azərbaycan torpaqları heç vaxt Ermənistana qalmayacaq”

Oqtay Əsədov: “Zəbt olunmuş Azərbaycan torpaqları heç vaxt Ermənistana qalmayacaq”
# 11 aprel 2013 15:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin sədri Oqtay Əsədov Slovakiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, dünyəvi, demokratik dövlət quruculuğu yolu ilə addımlayan Azərbaycan Avropa strukturları ilə inteqrasiyaya böyük önəm verir. O parlamentlərin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığını söyləyərək bu sahədə əlaqələrin inkişafını önəmli hesab edib.

O. Əsədov Azərbaycan paytaxtının beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini deyib: “Yaxın gələcəkdə Parlamentlərarası İttifaqın 130-cu və ATƏT PA-nın növbəti sessiyalarının Bakıda keçirilməsi nəzərdə tutulub”.

Dağlıq Qarabağ probleminə toxunan Milli Məclisin sədri bəyan edib ki, zəbt olunmuş Azərbaycan torpaqları heç vaxt Ermənistana qalmayacaq: “Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipinə uyğun həllinə tərəfdarıq”.

M. Layçak isə iki ölkə arasında yüksələn xətlə davam edən siyasi dialoqun iqtisadi sahədə də öz məntiqi davamını tapacağına inandığını, parlamentlərin bu məsələdə müsbət rol oynaya biləcəyini vurğulayıb. O, ölkəsinin qanunvericilik orqanında Azərbaycanla dostluq qrupunun yaradılmasını günün tələbi sayıb. Qonaq Dağlıq Qarabağ məsələsinin həllində ölkəsinin həmişə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını xüsusi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR