“Avropada azərbaycanlıların yeni nəsli yetişir. Azərbaycanlılar çalışmalıdırlar ki, yaşadıqları ölkədə cəmiyyətə daha çox inteqrasiya etsinlər, yeni nəslə daha çox imkanlar yaratsınlar”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayında bildirib.
Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti diasporun inkişafına maksimum dərəcədə dəstək verir və bu sahə prezidentin daim diqqətindədir: “Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz vətəni üçün fəaliyyətini gücləndirməlidir”.
AAK-ın son dövrlər bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayan N. İbrahimov bildirib ki, bu qurultay təşkilatın tarixində yeni bir səhifə açmalıdır: “İndi bizim qarışımızda yeni vəzifələr dayanır. Azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi proseslərə təsir imkanına malik bir gücə çevrilməlidir, Azərbaycan prezidenti də dünya azərbaycanlılarının son qurultayındakı nitqində bu məqamı xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, biz bu qurultayda yeni dövr üçün fəaliyyətimizin strategiyasını dəqiq müəyyən edəcəyik”.