Paşha Bank
Bank Of Baku

İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq

İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq
# 24 sentyabr 2026 10:04 (UTC +04:00)

İnnovasiya məhsuluna satınalma güzəşti tətbiq olunacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, innovasiya məhsulu texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş və ya normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənədlə təsdiqlənmiş texnoloji həll formasında olan mal, iş və xidmətdir. Pilot tətbiq prosesi satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, həmin məhsulun ikimərhələli tender metodu çərçivəsində layihələndirilməsi və funksionallığının real iş şəraitində sınaqdan keçirilməsidir.

Texnoloji həll formasında olan malın (işin, xidmətin) innovasiya məhsulu olması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) tərəfindən müəyyən edilən qaydada verilən təsdiqedici sənəd əsasında müəyyən olunacaq. Müvafiq təsdiqedici sənəd yalnız müraciətdə göstərilən fərdi texniki və keyfiyyət xüsusiyyətlərinə malik konkret satınalma predmetinə münasibətdə hüquqi qüvvəyə malik olacaq. Həmin sənəd təchizatçı tərəfindən fərqli xüsusiyyətlərə malik digər malların (işlərin, xidmətlərin) və ya texnoloji həllərin satın alınması zamanı güzəşt və üstünlüklər əldə etmək məqsədilə istifadə edilə bilməz.

“Dövlət satınalmaları haqqında” qanun satınalan təşkilat tərəfindən aparılan satınalmalarda startaplar və ya sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən təqdim edilən və dəyəri 100 000 (yüz min) manatadək olan innovasiya məhsulunun (azı 3 təchizatçıdan qiymət təklifinin alınması və tələblərə uyğun olan ən aşağı qiymət təklifinin seçilməsi şərtilə) alınmasına şamil edilməyəcək.

Hazırda qüvvədə olan qanuna görə, satınalma komissiyası təklifləri qiymətləndirərkən, yerli mənşəli satınalma predmeti üzrə təklifin xeyrinə 20 faizə qədər həcmdə satınalma güzəşti tətbiq edir. Layihəyə görə, bununla bərabər satınalan təşkilat tərəfindən aparılan satınalmalarda satınalma komissiyası ehtimal olunan qiyməti 250 000 manatadək olan satınalmalarda satınalma predmeti üzrə təklifləri qiymətləndirərkən startap və ya sənaye, yaxud texnologiyalar parklarının rezidenti tərəfindən təqdim edilən innovasiya məhsulları üzrə təklifin xeyrinə 20 faiz həcmdə satınalma güzəşti tətbiq edəcək. Tətbiq edilmiş satınalma güzəşti yekun protokolda qeyd olunacaq. İnnovasiya məhsulunun satın alınmasına münasibətdə bu Qanunla müəyyən edilmiş güzəşt və üstünlüklərdən istifadə etmək üçün təchizatçı uyğunluğun müəyyənləşdirilməsi mərhələsində “Startap” şəhadətnaməsini və ya sənaye parkının, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini satınalan təşkilata təqdim etməlidir.”

Pilot tətbiq prosesində iştirak edən təchizatçı tərəfindən bağlanmış subpodrat müqavilələrinin ümumi məbləği satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox ola bilməz.

Satınalma predmetini dəqiq xüsusiyyətlərinin (texniki göstəricilərinin) əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmayan innovasiya məhsulunun yaradılması təşkil etdiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada verilən rəy əsasında satınalan təşkilat ikimərhələli tenderin birinci mərhələsi çərçivəsində pilot tətbiq prosesini həyata keçirə bilər. Pilot tətbiq prosesinin həyata keçirilməsi məqsədilə satınalan təşkilat ilkin təklifləri məqbul sayılan təchizatçılarla pilot tətbiq müqaviləsi bağlayır. Hər bir təchizatçı ilə bağlanan pilot tətbiq müqaviləsinin məbləği 1 000 000 (bir milyon) manatdan, icra müddəti isə 12 (on iki) aydan çox ola bilməz.

Nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən pilot tətbiq müqaviləsində layihələndirmə, prototipin yaradılması və sınaqdan keçirilməsi üzrə aralıq mərhələlər, kəmiyyət və keyfiyyətcə ölçülə bilən hədəf göstəriciləri (indikatorlar), hədəflərə nail olunmasına mütənasib mərhələli ödəniş şərtləri, məlumatların mühafizəsi, məxfilik, insident məsuliyyəti, təhlükəsizlik auditi və çıxış strategiyası üzrə şərtlər, habelə mərhələli xitam halları və əqli mülkiyyət hüquqlarının bölgüsü (müstəsna hüquqların təchizatçıda qalması və satınalan təşkilata yalnız öz ehtiyacları üçün qeyri-müstəsna pulsuz lisenziyanın verilməsi, habelə mənbə kodlarının açıq yerləşdirilməsi şərtilə) müəyyən edilməlidir.

Təqdim edilmiş innovasiya məhsulu pilot tətbiq müqaviləsində müəyyən edilmiş aralıq hədəf göstəricilərinə cavab verməyən təchizatçı satınalma komissiyasının qərarı ilə sınaq mərhələsindən kənarlaşdırılacaq və müqavilə birtərəfli qaydada ləğv ediləcək.

Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR