ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasında 2028-ci il prezident seçkilərində iştirak edə biləcək çoxsaylı istedadlı siyasətçilərin olduğunu bildirib.
APA "CNN"ə istinadən xəbər verir ki, Tramp potensial namizədlərin adlarını açıqlamaq üçün hələ tez olduğunu deyib.
“Düşünürəm ki, bizim inanılmaz dərəcədə istedadlı siyasətçilərimiz var. Konkret şəxslər haqqında danışmaq istəmirəm, çünki bunun üçün hələ bir qədər tezdir”, – Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, seçkilərin nəticələri gələcək siyasi proseslər üçün müəyyən göstərici kimi qiymətləndirilir.
“Bilirsiniz, onlar bu gecəni bir meyar kimi istifadə edirlər. Amma bizim çox güclü komandamız var. Düşünürəm ki, çox yaxşı iş görə biləcək istedadlı insanlardan ibarət böyük qrupumuz var”, – o vurğulayıb.
Trampdan 2028-ci il prezident seçkilərində Demokratlar Partiyasından hansı namizədin ən ciddi rəqib ola biləcəyi soruşulduqda, o, bəzi siyasətçiləri tanıdığını, lakin onların adlarını açıqlamaq istəmədiyini bildirib.
“İnsanlar hələ onların haqqında düşünmürlər. Buna görə də onları gündəmə gətirmək istəmirəm. Yoxsa birdən qarşımızda həqiqətən ciddi rəqib peyda olar”, – Tramp deyib.
ABŞ Prezidenti Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində namizədinin müəyyənləşdirilməsində öz dəstəyinin həlledici rol oynaya biləcəyini də istisna etməyib.
“Deyirlər ki, Tramp kimi dəstəkləsə və ya kimi seçsə, həmin şəxs qalib gələcək. Bunun doğru olub-olmadığını bilmirəm. İki gecə əvvəl də bu barədə sual vermişdilər. Soruşmuşdular ki, Respublikaçılar Partiyasından namizəd kim olacaq? Cavab vermişdilər ki, Donald Tramp kimi istəsə, o da olacaq. Bu mümkündür, bəlkə də doğrudur, amma bu barədə danışmaq üçün hələ tezdir”, – Tramp əlavə edib.