Berezovski ölümündən əvvəl Putindən üzr istəyərək vətənə dönmək istədiyini bildirib

Berezovski ölümündən əvvəl Putindən üzr istəyərək vətənə dönmək istədiyini bildirib
# 23 mart 2013 22:35 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, on ildən çox mühacir həyatı yaşayan iş adamı Boris Berezovski ölümündən bir müddət əvvəl Vladimir Putinə məktub ünvanlayıb. APA-nın “Vesti” telekanalına istinadən verdiyi xəbərə görə, məktubda o prezidentdən bağışlanmasını və Rusiyaya dönməsinə icazə verilməsini xahiş edib. “Bir müddət əvvəl Berezovski Vladimir Putinə ünvanladığı məktubda çoxlu səhv buraxdığını etiraf edərək, Putindən bu səhvlərə görə üzr istəyib və ondan xahiş edib ki vətənə dönməsinə kömək etsin”.

Bu arada Boris Berezovskinin yaxın dostu lord Bell Berezovskinin vəfat etdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu xəbəri ona sahibkarın şəxsi vəkili Aleksandr Dobrovinski verib. “İndicə mənə Londondan zəng edib bildirdilər ki, Boris Berezovski intihar edib... Son zamanlar o çox pis vəziyyətdə idi: borc içində üzürdü, tam müflis olmuşdu, şəkilləri və bir neçə başqa şeyləri satışa qoymuşdu. Badri Patarkatsişvilinin ölümü onun üçün çox ağır bir zərbə oldu. Bizim ümumi tanışlarımız mənə bildiriblər ki, o bu günlərdə harasa getmək məqsədi ilə onlardan bilet almaq üçün beş min dollar istəyib”.

Qeyd edək ki, bir qədər əvvəl Berezovskinin infarkdan vəfat etdiyi bildirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı iş adamın ətrafındakı mənbə verib.

“Berezovski öz evində infarkdan vəfat edib. Bu yaxınlarda o İsraildə müalicə kursu keçib Britaniyaya qayıdıb”, deyə mənbə bildirib. Bundan əvvəl onun intihar etdiyi iddia olunurdu.

Bu arada “BBC” xəbər verib ki, bu gün 68 yaşında vəfat edən Berezovski İngiltərənin cənubundakı Surrey qraflığında yerləşən evində ölmüş halda aşkar edilib.

Xatırladaq ki, Berezovskinin vəfat etdiyi barədə məlumatı “Facebook” səhifəsində onun yeznəsi Yeqor Şuppe yerləşdirib.

Məlumat rəsmi təsdiqini hələlik tapmayıb.

B.Berezovski 1946-cı ilin yanvarın 23-də anadan olub. 1991-ci ilin dekabrın 7-dən riyaziyyat, mexanika, informatika üzrə Rusiya Elmlər Akademiyasının müxbir üzvüdür. 1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb – bir neçə iri şirkətlərin təsisçisi, aktivlərinin sahibi və top meneceri olub. Rusiyanın birinci prezidenti Boris Yeltsinin dövründə MDB-nin icraçı katibi və Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibinin müavini vəzifələrində çalışıb. 2000-ci ildən Rusiyadan kənarda yaşayıb.

Rusiyada B.Berezovskini bir neçə iqtisadi cinayətlər və dövlət hakimiyyətinə qarşı cinayət törətməkdə ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR