Müsavat Qadınlar Birliyinin sədri: “Arif Hacılının tərəfdarları mənim də əleyhimə kampaniya aparır”

Müsavat Qadınlar Birliyinin sədri: “Arif Hacılının tərəfdarları mənim də əleyhimə kampaniya aparır”
# 13 oktyabr 2014 10:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Bizə qarşı bir komanda qurulub. Hər birimiz müsavatçıyıq, belə hərəkətlər kimə lazımdır?..” Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Ellada Məmmədli qurultaydan sonra partiyada yaranmış böhranlı vəziyyətə və istefalara münasibət bildirərkən deyib.

E. Məmmədli partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbasın və digər gənclərin istefasından təəssüfləndiyini söyləyib. O bildirib ki, gənclərin istefası hazırkı başqan Arif Hacılı tərəfdarlarının “Facebook” sosial şəbəkəsində yaratdıqları gizli qrupdakı yazışmalarının ortaya çıxması ilə bağlıdır: “Bu istefalardan əvvəlcədən xəbərimiz yoxdur. Onların istefaları Arif Hacılı tərəfdarlarının “Facebook”dakı gizli qrupları ilə əlaqədar olub. Həmin gizli qrupdakı yazılar gənclərə pis təsir edib”.

E. Məmmədli qeyd edib ki, qurultaydan sonra müsavatçılar artıq qruplara bölünüblər və A. Hacılının tərəfdarları onun da əleyhinə kampaniya aparır: “Yazırlar ki, “görəsən o biri təşkilatın sədri nə vaxt istefa verəcək?” Yəni, Arif Hacılının tərəfdarları Əhliman Abbasdan sonra məni də istefaya çağırırlar. Həmin gizli qrupda mənim də adım çəkilir, mənə təzyiqlər olur. Xüsusən də, partiyanın Sumqayıt Rayon Təşkilatının sədri və xanımı tərəfindən mənim əleyhimə yazılar yazılır. Hətta sosial şəbəkədə profilimdəki mesaj qutusuna naməlum yazılar gəlir”.

E. Məmmədli istənilən halda vəzifəsindən və partiyadan istefa verməyəcəyini bəyan edib: “Mən həyatımın 26 ilini siyasətə vermiş adamam. Xalq hərəkatında bundan da ağır formalarda radikal qruplar görmüşəm. Ancaq indi bunu özümüzdə görmək mənə ağır gəlir. Qadınlar Təşkilatının sədri kimi mənim istefa vermək fikrim yoxdur. Partiyadakı fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Çünki biz bu gün nə Arif Hacılı, nə də digər namizədə görə deyil, müsavatçılıq ideologiyasına görə partiyadayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR