“Kapital Bank”da SSRİ vaxtından qalmış əmanətlərin indiyədək 583 milyon manatı qaytarılıb - APA TV

“Kapital Bank”da SSRİ vaxtından qalmış əmanətlərin indiyədək 583 milyon manatı qaytarılıb - <span style="color: red;">APA TV
# 18 mart 2013 12:35 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında “Kapital Bank”ın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərov deyib.

Y.Cəfərov bildirib ki, 1 iyul 2012-ci ildən 13 mart 2013-cü ilə kimi "Kapital Bank" tərəfindən 1 milyon 561 min 776 əmanət hesabı üzrə vətəndaşlara ümumilikdə 583 milyon 305 min 559 manat vəsait ödənib: " Eyni zamanda 21 min 323 əmanət hesabı üzrə də ödənişlərin aparılmasına icazə verilib".

Bank sözçüsü bildirib ki, həmin hesabların aid olduğu əmanətçilər istədikləri vaxt hesablarını geri ala bilərlər: "Ödəmə prosesi bu ilin sonunda tamamlanacaq. Hazırda 31 dekabr 2012-ci il tarixinə qədər «Kapital Bank»a daxil olan müraciətlərlə bağlı araşdırma aparılır: "Təbii ki, bu araşdırmanın nəticəsi olaraq, bu ilin sonuna qədər fərdi birdəfəlik ödəniş almaq hüququna malik olan hər bir vətəndaşın bu hüququ təmin ediləcək. Eyni zamanda vərəsəlik hüququnun təsdiqlənməsi üçün 1 yanvar 2013-cü il tarixinə qədər dövlət notariat kontorlarına müraciət edənlər və digər problemli məsələlərə isə Maliyyə Nazirliyi nəzdindəki Xüsusi Komissiya tərəfindən baxılır".

Ekspert Vüqar Bayramlı isə keçmiş SSRİ banklarında əmanəti olan vətəndaşların sayının 1 milyon 800 min nəfərdən çox olduğunu deyir. Rəsmi statistikaya əsasən, hazırda bu əmanətçilərdən 60 faizi pulunu geri ala bilib: "Hazırda Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiya əmanətlərin qaytarılması ilə bağlı 2012-ci ildən sonra edilən müraciətlərə baxır. Müraciətlər daha çox varislərə əmanətlərin verilməsi, itmiş kitabçaların bərpası, eyni zamanda mövcud narazılıqlarla bağlı edilən şikayətlərin araşdırılmasına aiddir".

Ekspert bildirib ki, əmanətçilər arasında saxta sənədlər düzəldənlər də az olmayıb: "Əmanət kitabçaları Sovet vaxtı hazırlandığı üçün təhlükəsizlik kodları yox idi. Bəzi vətəndaşlar saxta əmanət kitabçaları hazırladı".

Qeyd edək, Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov isə 1992-ci ildən sonrakı əmanətlərin də qaytarılmasının mümkün olduğunu deyib. Hələlik həmin əmanətlərin həcmi dəqiq hesablanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR