Paşha Bank
Bank Of Baku

Səməd Bəşirli: Alman şirkətlərini Azərbaycanda birgə layihələrə dəvət edirik

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli

© APA | İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli

# 25 sentyabr 2026 15:03 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sənayesinin inkişafı və özəl investisiyaların cəlb edilməsi istiqamətində Almaniya ilə əməkdaşlığın genişləndirilməsi imkanları var.

APA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən Alman-Azərbaycan Xarici Ticarət Palatasının sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər yeni dinamika qazanıb. Səməd Bəşirli Prezident İlham Əliyevin iyul ayında Almaniyaya səfəri zamanı Azərbaycan və Almaniya arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamənin, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına dair sənədin imzalanmasını qeyd edib.

Nazir müavini bildirib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri sənaye əməkdaşlığı və texnologiya transferidir.

“Biz müasir istehsal müəssisələrinin yaradılması ilə yanaşı, onların idarə edilməsi və istismarı üçün zəruri bacarıqların inkişaf etdirilməsinə imkan verən layihələrlə maraqlanırıq”, - deyə S.Bəşirli vurğulayıb.

Onun sözlərinə görə, digər prioritet istiqamətlər enerji əməkdaşlığı və resurslardan səmərəli istifadə, həmçinin nəqliyyat-logistika və regional bazarlara çıxışdır.

Səməd Bəşirli Almaniya şirkətlərini Azərbaycan ərazisində istehsal və ticarət layihələrində iştirak etməyə dəvət edib.

O qeyd edib ki, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Limanı Avropa ilə Asiya arasında əlaqələri gücləndirir. Ələt Azad İqtisadi Zonası və Azərbaycanın sənaye parkları da logistika imkanlarına yaxın investisiyalar üçün şərait yaradır.

Nazir müavini əlavə edib ki, yeni texnologiyaların tətbiqi ilə yanaşı, yerli kadrların hazırlanması, peşə təhsili və müəssisələr arasında təcrübə mübadiləsi də birgə layihələrin mühüm tərkib hissəsi olmalıdır.

“Biz kommersiya baxımından səmərəli layihələr üzrə Almaniya biznesi və bütün maraqlı tərəfdaşlarla işləməyə hazırıq”, -Bəşirli deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR