Azərbaycanda orta aylıq pensiya yoxsulluq həddini 1,7 dəfə üstələyir

Azərbaycanda orta aylıq pensiya yoxsulluq həddini 1,7 dəfə üstələyir
# 20 noyabr 2013 10:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 ABŞ dolları), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 ABŞ dolları), yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3%-dən 45%-ə çatdırılıb. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2003-cü ilin əvvəli ilə müqayisədə alınan göstəricilərdir.

Məlumata görə, artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövlət üzrə ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımından 1,4 dəfə yuxarıdır.

«Əmək pensiyasının baza hissəsi bu il sentyabrın 1-dən 17,6% artırılaraq 100 manata çatdırılıb. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edib ki, bu da MDB məkanında 3-cü (Qazaxıstanda - 185 dollar, Belarusda - 129 dollar) göstəricidir. Bu məbləğ Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar təşkil edir», - deyə Fondun məlumatında bildirilir.

Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR