Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi açılıb

Bakıda Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi açılıb
# 07 sentyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Regional Kinoloji Mərkəzinin açılış mərasimi olub.

APA-Economics”in məlumatına görə, tədbirdə ÜGT-yə üzv olan dövlətlərin gömrük xidmətlərinin itlərdən və təlimçilərdən ibarət komandalarının nümayişi keçirilib. Bununla da Kinoloji Mərkəzin xidməti itləri və təlimçilərinin beşinci yarışına start verilib. Yarışa qatılan Argentina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistandan qatılan təlimçilər itlərini nümayiş etdiriblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev qonaqların diqqətinə çatdırıb ki, Kinoloji Mərkəz 2008-ci ildən fəaliyyət göstərir: "Bu gün isə bura rəsmi beynəlxalq status verilməsi ilə bağlı toplanmışıq. Burada təlim keçən itlərin sayəsində külli miqdarda narkotik vasitə, partlayıcı maddə zərərsizləşdirilib. Bu müddət ərzində beynəlxalq əlaqələrə də xüsusi diqqət ayrılıb. Xüsusi təlimlərdə iştirak edən, hazırlıqlı itlərimiz beynəlxalq mübadilə ilə xarici ölkələrə də bağışlanılıb. Əfqanıstan, Makedoniya, Türkiyə, Monqolustan, Toqoda bizdə təlim keçmiş itlər fəaliyyət göstərir. ÜGT isə bu xidmətlərimizi nəzərə alaraq bizim mərkəzə regional təlim mərkəzi statusu verib. ÜGT-nin ümumilikdə bu cür 8 mərkəzi var ki, bunlardan biri də bizim Kinoloji Mərkəzdir".

Açılışda Qabona iki xüsusi təlim keçmiş it bağışlanıb. Sənədlər Qabon Gömrük Xidmətinin əməkdaşına təqdim olunub.

ÜGT-nin baş katibi Kunio Mikurio isə çıxışında sərhədlərin qorunması, təhlükəsizliyi sahəsində mərkəzin böyük əhəmiyyətə malik olduğunu deyib və açılışa görə A. Əliyevə təşəkkür edib: “Vəzifələrin yerinə yetirilməsində yaxşı təlim görmüş itlərin rolu əvəzsizdir. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınmasında, təhlükəsizlik baxımından itlərin hazırlığı böyük önəm daşıyır. Bu gün imzalanan memoranduma əsasən artıq bu mərkəz beynəlxalq status daşıyır. Bu isə nəinki bir ölkəyə, eləcə də beynəlxalq miqyasda gömrük işinə yardım etmək deməkdir. Qlobal gömrükçülər ailəsinə göstərdiyi xidmətlər danılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR