ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsini dərc edib

ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsini dərc edib
# 03 iyul 2014 07:42 (UTC +04:00)

Bakı – APA. ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi oxunan “The Hill” qəzetinin 2 iyul 2014-cü il tarixli sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsi dərc olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, “Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə” (Nagorno-Karabakh: A threat to stability and US interests) başlıqlı məqalədə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləməyə və Azərbaycanın mədəni irsinin dağıdılmasına, həmçinin Ermənistanın müvafiq BMT qətnamələrinə məhəl qoymamasına diqqət çəkilir.

Bildirilir ki, hazırda dünya ictimaiyyətinin diqqəti İraq, Suriya və Ukraynada baş verən böhranlara cəmləşsə də, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış durum regional sabitliyə ciddi təhlükə törətməkdə davam etməkdədir. Bu səpkidə Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunularaq, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs olunur, Qafqaz regionundakı sülh və sabitliyin ABŞ-ın regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığı vurğulanır.

Diplomat qeyd edir ki, 90-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımaqdan imtina edib və bu yaxınlarda erməni qoşunlarının Azərbaycanın bəzi işğal olunmuş rayonlarından çıxarılmasının vacibliyini bir daha ifadə edib. Ancaq müəllifin fikrincə, bütün bunlar təqdirəlayiq olsa da, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət etmir. Qeyd olunur ki, regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməyi tələb etməlidir. Baş konsula görə, Ermənistanın tabe olmayacağı təqdirdə, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Diplomat bildirir ki, bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcək.

Eyni zamanda müəllif, bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma “DQR” ilə bağlı qətnaməyə toxunaraq, belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin, bölgədə onsuz da mürəkkəb olan vəziyyəti daha da qəlizləşdirdiyini bildirir.

Bu səpkidə baş konsul beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də Amerika xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının ABŞ hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR