Gələn ay Bakıda Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək

 Gələn ay Bakıda Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı keçiriləcək
# 27 mart 2014 12:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, aprelin 28-29-da baş tutacaq görüşün məqsədi regionun neft-qaz infrastrukturunun inkişafı perspektivlərini müzakirə etməkdir.

VII Xəzər neft-qaz ticarət-nəqliyyat Konfransı Azərbaycan Dövlət Neft Akademiyası və Böyük Britaniyanın «Confidence Capital» şirkətinin təşkilatçılığı ilə keçiriləcək. Konfrans regionun neft-qaz, neft məhsulları və nəqliyyat dəhlizləri haqqında aktual məlumatları özündə birləşdirir. Həmçinin, konfransda regional xüsusiyyətləri, konyunkturası, nəqliyyat infrastrukturunun inkişafı tendensiyalarını nəzərə alaraq, ticarət əməliyyatlarının aparılması barədə təcrübə məsləhətlərinin verilməsində xüsusi rola malikdir.

Konfrans çərçivəsində karbohidrogenin hasilatının artımı, neft-kimya və qaz məhsullarının inkişafı, regionda yeni enerji layihələrinin inkişafı, həmçinin neft-kimya məhsullarının hasilatı, daşınması və emalı kimi mövzular müzakirə olunacaq.

Konfransda regionun nəqliyyat infrastrukturunun inkişafı – boru-kəmər layihələri, dəmir yolu infrastrukturu və dəniz daşınması ilə bağlı mütəxəssislərin apardıqları analizlər təqdim olunacaq. Konfransın gedişində Xəzər nefti, neft məhsulları və təbii qazı üçün ixrac marşrutları, Mərkəzi Asiya regionunun neft və neft məhsulları bazarı, Xəzəryanı ölkələrin neft emalı və neft-kimya sahəsinin inkişaf perspektivləri və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR