Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Twinninq layihəsinə yekun vurub

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Twinninq layihəsinə yekun vurub
# 18 aprel 2014 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda Twinninq layihəsi çərçivəsində “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” layihəsinin yekun mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, Avropa İttifaqı (Aİ) tərəfində maliyyələşdirilən 19 aylıq layihənin benefisiarı Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi olub. Layihə kiçik tərəfdaş Latviya Dövlət Torpaq Xidməti (SLS) ilə birgə əməkdaşlıqla İsveç Kadastr, Xəritəçəkmə və Torpaq Reyestr Orqanı olan Lantmateriet tərəfində həyata keçirilib.

Komitə sədri Qərib Məmmədov layihə, onun məqsədləri, nəticələri və bu nəticələrin gələcəkdə Azərbaycanda necə tətbiq olunacağı ilə bağlı çıxış edərək, gələcəkdə Avropa Birliyi (AB) ilə işbirliyinin davam etdiriləcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu layihə AB tərəfindən 865 min avro dəyərində maliyyələşdirilib: “Bu layihənin həyata keçirilməsində əsas məqsəd müasir dövrün tələblərinə cavab verən və torpaqların Aİ-nin qiymətləndirmə standartlarına uyğun olaraq qiymətləndirilməsi metodologiyalarının təkmilləşdirilməsi istiqamətində ən yaxşı beynəlxalq təcrübənin əldə olunmasından ibarət olub”.

O bildirib ki, layihənin ümumi məqsədi dövlət torpaq kadastrı məlumatlarının Aİ-nin Qiymətləndirmə Standartlarına uyğun olaraq dəqiq sistemləşdirilməsi, şəffaf torpaq bazarının yaradılması və dövlət torpaq kadastrı sisteminin digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasını təmin etməkdən ibarət olub. “Bununla belə, Aİ-nin Qiymətləndirmə Standartlarına uyğun olaraq Twinninq layihəsinin həyata keçirilməsi nəticəsində əldə olunan təcrübədən Azərbaycan tərəfi yararlanaraq torpaq kadastrı məlumat sisteminin Avropada Məkan Məlumatları İnfrastrukturuna inteqrasiyasına nail olacaq”, - deyə qurum rəhbəri qeyd edib.

O qeyd edib ki, Twinninq layihəsi çərçivəsində üç komponent üzrə işlərin həyata keçirilib. Bunlar - İnstitusional və institutlararası analiz və hüquqi sistemin təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi, torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası və dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd, şəhər dövlət torpaq kadastrı məlumat sistemidir. Birinci komponent üzrə layihə iştirakçıları olan İsveç, Latviya və Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilərək tədqiq edilib və onların hazırda torpaqların qiymətləndirilməsi sahəsində müasir dövrün tələblərinə cavab verməməsi aydın olub. İkinci komponent Twinninq Layihəsi çərçivəsində institusional təcrübənin və biliyin tətbiqi məqsədilə Azərbaycanda iki pilot ərazi (Abşeron rayonu şəhər kadastrı timsalında Xırdalan şəhəri və kənd kadastrı timsalında Saray qəsəbəsi) seçilib və orada torpaqların qiymətləndirilməsində rol oynayan bütün meyarlar tədqiq edilərək öyrənilib və müvafiq məlumatlar toplanılaraq sistemləşdirilib. Nəticə etibarı ilə torpaqların kadastr qiymətləndirilməsi xəritələri tərtib olunub.

Q. Məmmədov deyib ki, üçüncü komponent isə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi sahəsində ilkin olaraq cari vəziyyət analiz olunub, torpaqların qeydiyyatı prosesi öyrənilib: “Sistemin Avropa standartlarına uyğun olaraq texniki tapşırıq hazırlanıb. Hazırlanmış texniki tapşırıq əsasında hazırda onlayn rejimində torpaqların qeydiyyatı işləri Dövlət Torpaq Kadastr və Monitorinqi Elm-İstehsalat Mərkəzinin baş ofisində və onun 6 Regional Torpaq Kadastrı Mərkəzlərində həyata keçirilir. Sistemin bütün regionlarda tətbiq olunması 2014-cü ilin iyul ayına qədər başa çatdırılması nəzərdə tutulub. Bu komponent çərçivəsində torpaqların qeydiyyatının aparılması üçün yaradılmış 10 moduldan ibarət olan sistemin artıq 6 modulu fəaliyyət göstərir. Digər modullar isə test rejimində yoxlandıqdan sonra fəaliyyət göstərəcək. Bu sistem vasitəsilə gələcəkdə ölkəmizdə fəaliyyət göstərən elektron hökumət portalı ilə onlayn əlaqə yaradılması nəzərdə tutulur ki, bu da vətəndaşların internet vasitəsi ilə sözügedən sistemə daxil olmaqla torpaq sahələri barədə tələb olunan torpaq kadastr məlumatlarını əldə etmək imkanına şərait yaradılacaq.

Azərbaycanda AB Nümayəndəliyin rəhbəri Malena Marda Aİ-nin dövlət sektoruna dəstəyi, layihənin əsas nəticələri və Azərbaycanın Torpaq Sektorundakı əsas məsələlər haqqında məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR